Bakı-2015 ilk Avropa Oyunları üçün inşa edilmiş BMX stadionunda əsas işlər başa çatıb. Apasport.az saytının məlumatına görə, arenanın Oyunlara hazırlığını yoxlamaq üçün bu gün burada sınaq yarışı təşkil olunub.
Rusiya, Almaniya və Latviyadan 13 qadın və kişi idmançı uzunluğu 358 metr olan zolaq boyunca yürüşlər həyata keçiriblər.
Qeyd edək ki, olimpiya standartlarına uyğun inşa olunmuş BMX stadionunda 2 enmə zolağı var. Avropa Oyunlarının proqramına əsasən, 1000 nəfər tamaşaçı tutumuna malik arenada yarışlar iyunun 26-28-də keçiriləcək. Oyunlarda iştirak edəcək 32 kişi və 16 qadın idmançı Avropa Velosipedçilər Birliyinin ölkələr üzrə reytinq siyahısına əsasən müəyyənləşir.