Belarusun paytaxtı Minskdə boks üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan idmançıları yalnız yarışın ikinci günündə rinqə çıxacaqlar.
İlk olaraq 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev döyüşəcək. Həmyerlimiz uelsli Cozef Kordina ilə qarşılaşacaq.O, bu döyüşdə qalib olsa, 2009-cu ilin dünya çempionu bolqarıstanlı Detelin Dalakliyevlə üz-üzə gələcək.
Təcrübəli Samir Məmmədov (56 kq) da iyunun 2-də rinqə çıxacaq. 2007-ci ilin dünya çempionatının mükafatçısı xorvatiyalı Mirsad Ahmedi ilə döyüşəcək.
Elnur Süleymanovu (75 kq) isə ilk mərhələdəcə çətin sınaq gözləyir. Boksçumuz Ermənistan təmsilçisi Arman Hovhikyanla qarşılaşacaq. Süleymanovun bu yaxınlara qədər 69 kq çəki dərəcəsində çıxış etdiyini nəzərə alsaq, ilk qarşılaşma onun uçün asan olmayacaq.
İyunun 2-də Tamerlan Abdullayev (69 kq) də mübarizəyə qoşulacaq. Onu 2010-cu ilin Avropa çempionu macarıstanlı Balaş Başkayla çətin görüş gözləyir.
Digər boksçularımıza gəldikdə, iyunun 3-də Elvin Məmişzadə (52 kq) Xose de la Nieve Linareslə (İspaniya), Heybətulla Hacəliyev (64 kq) Vyaçeslav Kislitsin (Ukrayna) – Aleksandros Tsanikidis (Yunanıstan) cütünün qalibi ilə, Rauf Rəhimov (81 kq) Petr Mullenberq (Hollandiya) – Con Osueke (İngiltərə) ilə üz-üzə gələcək. İyunun 4-də Salman Əlizadə (49 kq) David Albridianı (İsrail), Teymur Məmmədov (91 kq) Yevgenius Tutkus (Litva) – Marko Kaliç (Xorvatiya) cütünün qalibini, iyunun 5-də isə Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) Aleksey Zavatin (Moldova) – Mihay Nestor (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.
Qeyd edək ki, Avropa çempionatında 38 ölkənin 208 idmançısı mübarizə aparacaq.