Azərbaycanın daha iki boksçusu Avropa çempionatının bürünc medalını təmin edib. Bunlar 91 kq çəki dərəcəsində yer alan Teymur Məmmədovla 91 kq-dan yuxarı çəkidəki Məhəmmədrəsul Məcidovdur.
Məcidov çempionata inamlı qələbə ilə başlayıb. O, ¼ finala təsadüf edən ilk görüşündə rumıniyalı Mihay Nistora tam üstünlüklə qalib gəlib. Yarımfinalda Məcidovun rəqibi belaruslu Viktor Zuyev olacaq.
Məmmədov isə ¼ finalda irlandiyalı Tomas Makkartnidən üstün olub. Hər üç hakim onun qələbəsini qeydə alıb – 29:28, 29:28, 29:28. Bu boksçumuzun yarımfinalda rəqibi ukraynalı Denis Poyatska olacaq.
Qeyd edək ki, daha öncə Salman Əlizadə (49 kq) da yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib. Əvəzində Samir Məmmədov (56 kq) və Heybətulla Hacıəliyev (64 kq) ¼ finalda mübarizəni dayandırıb.
******
17:39
Avropa çempionatında ilk medal!
Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan milli komandası ilk medalı təmin edib. Lent.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan Salman Əlizadə ¼ final səddini uğurla dəf etməyi bacarıb.
Gürcüstanlı Dato Nanava ilə qarşılaşmada hər 3 raund eyni hesabla yekunlaşıb – 28:28. Lakin hakimlər ilk 2 raundda Əlizadənin, sonuncuda isə Nanavanın daha üstün döyüşdüyü qənaətinə gəliblər. Boksçumuz növbəti mərhələdə irlandiyalı Patrik Barneslə üz-üzə gələcək.
Lakin ¼ finaldakı növbəti boksçumuz Samir Məmmədov (56 kq) ermənistanlı Aram Avaqyana uduzub. Birinci və üçüncü raundlarda Avaqyan 29:28, ikincidə isə Məmmədov 30:27 hesabı ilə üstün olub.
Qeyd edək ki, qaydalara əsasən, yarımfinala yüksələnlər ən azı bürünc medalı təmin edirlər. ¼ finalda daha 6 boksçumuz döyüşə çıxacaqlar.