Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Avstriyanın paytaxtı Vyanada keçirilmiş Avropa çempionatından sonra Azərbaycan nümayəndə heyətinə verilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bağlanış mərasimində 2014-cü il Avropa çempionatının Bakıda keçiriləcəyinin rəmzi olan bayrağı təhvil alıb.
Növbəti çempionat gələn il iyunun 13 - 15-də Bakıdakı hazırda tikilməkdə olan Milli Gimnastika Arenasında keçiriləcək. Kompleks yarışların başlamasınadək tam hazır olacaq. Yarışda 240 gimnast və 80 rəsmi şəxsin iştirakı gözlənilir. Bu, Bakıda bədii gimnastika üzrə keçiriləcək sayca 3-cü qitə çempionatıdır.
Qeyd edək ki, bədii gimnastika üzrə Azərbaycan yığması Vyanadakı Avropa çempionatını 1 gümüş medalla başa vurub. 5 halqa ilə çıxış edən Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və Aynur Mustafayevadan ibarət yeniyetmələrin qrup komandası finalda 16.55 bal qazanıb. Bundan əlavə, gimnastlarımız fərdi yarışlarda bütün 4 finalında iştirak ediblər. Ən yaxşı nəticəni isə Marina Durunda göstərib. O, 5-ci olub.