Belarusun paytaxtı Minskdə keçirilən Avropa çempionatında Azərbaycan boksçularından daha 2-si ilk görüşlərini qələbə ilə başa vurub. Lent.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində mübarizə aparan Samir Məmmədov xorvatiyalı Mirsad Ahmedi ilə döyüşdə çətinlik çəkməyib.
Həmyerlimiz ikinci raundda rəqibini noqdauna salıb. Nəticədə, hər üç hakim qələbəni Məmmədova verib – 30:26, 30:26, 30:26. Boksçumuz 1/8 finalda moldovalı Vyaçeslav Qojanla qarşılaşacaq.
Tamerlan Abdullayev də ilk döyüşdə qələbə qazanıb. Milli komandamızın üzvü 69 kq çəki dərəcəsinin favoritlərindən sayılan macarıstanlı Balaş Başkayı məğlub edib. Abdullayev 1/8 finalda yunanıstanlı Pavlos Tsaqrakosla üz-üzə gələcək.
İyunun 3-də daha 3 boksçumuz rinqə çıxacaq. Heybətulla Hacəliyev (64 kq) günorta seansında ukraynalı Vyaçeslav Kislintsinlə, Rauf Rəhimov (81 kq) hollandiyalı Peter Mellenberqlə, Elvin Məmişzadə (52 kq) isə axşam seansında ispanyalı Xose de la Nieva ilə görüşəcək.
Çempionatın ilk günündə isə Elvin İsayev (60 kq) Cozef Kordina ilə döyüşdən qalib ayrılıb - 29:28, 30:27, 29:28. İsayev 1/8 final mərhələsində bolqarıstanlı Detelin Dalakliyevlə qarşılaşacaq. Əvəzində Elnur Süleymanov (75 kq) qitə çempionatında çıxışını dayandırıb. Turnirdə son anda çıxış etməsi rəsmiləşən Süleymanov Ermənistan təmsilçisi Arman Hovhikyana uduzub – 27:30, 28:29, 27:30.
Qeyd edək ki, Avropa çempionatı yeni xal sistemi ilə keçirilir. Görüş ərzində hansı idmançının hesabda öndə olması bilinmir. Yalnız qarşılaşma başa çatdıqdan sonra 3 hakimin balları əsas götürülür və xallar peşəkar boks sistemindəki kimi hesablanır.