İyunda Bakıda keçiriləcək Avropa Oyunları üçün inşa edilən daha bir idman obyekti yarışın startını gözləyir. Martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan Bakı Atıcılıq Mərkəzində hazırda təhlükəsizlik tədbirləri aparılır.
APA-nın məlumatına görə, Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının tələblərinə tam cavab verən və ən son avadanlıqlardan istifadə olunmaqla inşa edilən obyektinin ərazisi 19,6 hektardı. Mərkəz güllə və stend atıcılığı üzrə yarışlar, həmçinin bu növlər üzrə təlim-məşq toplanışları üçün nəzərdə tutulub. Funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıq olan arenada hər şey çox yüksək səviyyədə olduğundan dünyanın aparıcı kompleksləri sırasına da düşüb. Əbəs deyil ki, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq də Atıcılıq Mərkəzinin bütün standartlara cavab verdiyini bir çox çıxışlarında xüsusi vurğulayıb. Onun sözlərinə görə, hazırda bura dünyanın ən yaxşısı və ya ən yaxşılarından biridi.
Apasport.az saytının əməkdaşı arenada olarkən, tanışlığa güllə atıcılığı binasından başlayıb. Burada 10, 25, 50 və 300 m məsafəyə atəşaçma tirləri istifadəyə verilib. Kompleksin baş meneceri Varren Natanın sözlərinə görə, inşasına 2014-cü ildən start verilən və tikinti işləri bitən obyektin güllə atıcılığı binasında bir sıra funksiyalar digərlərindən fərqlənir: “Tək burada deyil, bütün Mərkəzdə təhlükəsizlik işləri aprelin sonunda tam başa çatacaq. Mayın 1-də deyə bilərik ki, tamamilə hazırıq. Həmin vaxtdan isə yarışların hazırlığına start verəcəyik. Burada 4 tirlə yanaşı, final yarışlarının keçirilməsi üçün ayrı zal da inşa edilib. Tirlərin bəzilərində məsafələri dəyişmək – geriyə və ya irəliyə çəkmək də mümkündü. İdmançıların mükafatlandırılması final mərhələsi üçün olan tirdə nəzərdə tutulub. Yarış bitən kimi dərhal fəxri kürsü qurulacaq”.
Avropa Oyunlarında 10, 25 və 50 m məsafədən fərqli, 300 m məsafəyə atəşaçma yarışları olmayacaq. Natan bildirib ki, buna baxmayaraq, bu addım arenanın yüksək standartlara cavab verməsi üçün atılıb və həmin məsafədən digər turnirlər üçün nəzərdə tutulub.
Güllə atıcılığı binasında tirlərlə yanaşı, restoranlar, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var. Burada binanın daxilində bir sıra təbii bitkilər də əkilib ki, bu da binaya xüsusi gözəllik verir.
Natanın sözlərinə görə, zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən İsveçrə istehsalı olan “Sius Ascor” markalı müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb. Tirlərdə snayperlərin eyni anda atəşaçma sayı da fərqlidi. Əgər 10 m və 50 m məsafədən hədəfi birdən 80 idmançı nişan alacaqsa, 25 m məsafədə onların sayı 50, 300 m məsafədə 40 olacaq. Final mərhələsində isə eyni anda 15 snayper mübarizə apara biləcək. Baş menecer bu məsafələri ayrı-ayrı tirlərdə ümumilikdə 1200 tamaşaçının izləyəcəyini deyib. Tamaşaçılar üçün zalda nəticələrlə tanış olmaq üçün əlavə monitorlar da quraşdırılıb. Burada fasilə vaxtları digər maraqlı məqamların nümayiş edilməsi də nəzərdə tutulub.
Ardınca Mərkəzin oteli ilə tanış olduq. Dörd mərtəbədən ibarət oteldə gələcəkdə yarış və burada təlim-məşq toplanışı keçəcək komandaların, həmçinin qonaqların qalmaları üçün hər cür şərait yaradılıb. Avropa Oyunları zamanı binada media mərkəzi həmkarlarımızın sərəncamında olacaq. Möhtəşəm yarış zamanı da baş menecer funksiyasını yerinə yetirəcək Natan iyunda otel otaqlarından istifadə olunmayacağını deyib: “Bu, Avropa Oyunlarında qalmaq üçün hesablanmayıb. Çünki həmin vaxt Azərbaycana gələcək bütün idmançılar Atletlər kəndində qalacaqlar. Bura Oyunların irsi kimi xalqınıza yadigar qalacaq. Məsələn, gələcəkdə hansısa yarış keçirilərsə qonaqlar istifadə edəcəklər. Yaxud, təlim-məşq toplanışı zamanı qonaqlara ayrılacaq”.
Mərkəzdə bu binalardan əlavə, stend atıcılığı poliqonu da tikilib. Burada biri final yarışları üçün olmaqla, 5 atış meydançası var. Stend atıcılığının trap növləri üçün 75, skit növləri üçün 5 qüllədə 10 hədəftullayıcı avadanlıqlar quraşdırılıb. Natan bildirib ki, stend atıcılığı üzrə yarışları təxminən 500 tamaşaçı canlı izləyə biləcək. Maraqlıdı ki, üzü poliqona deyil, binalara tərəf də oturacaqlar inşa edilib. Baş menecer bunun da gələcəyə hesablandığını vurğulayıb. O qeyd edib ki, həmin oturacaqlar hansısa tədbirlərdə buraya toplaşanların köməyinə çatacaq.
Azarkeşlərdən söz düşmüşkən, Avropa Oyunları zamanı burada bilet də fərqli formada satılacaq. Yəni, bilet alan şəxs eyni gündə olacaq yarışların hamısını izləyə bilməyəcək. Onlar biletlərinə uyğun olaraq, 1 dəst medal uğrunda mübarizəyə şahidlik edəcəklər. Natan bütün yerlərə biletlərin satışının nəzərdə tutulmadığını da diqqətimizə çatdırıb. Onun sözlərinə görə, açıq poliqonda 500, daxildə 1200 oturacaq olsa da, onların bəziləri qonaqlar üçün ayrılacaq.
Yarışı izləmək istəyən azarkeşlərin Mərkəzə gəlməsi isə elə də çətin olmayacaq. Çünki arenaya yeni avtomobil yolu çəkilib və Oyunlar zamanı buraya yeni marşrut xətti də açılması da gözlənilir. Bakının mərkəzindən şərqdə, avtomobillə 30 dəqiqəlik məsafədə yerləşən obyektdə 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib.
Arenanın kənarlarında təhlükəsizlik işləri ilə bərabər yaşıllıq zolaqları da salınır. Baş menecer bütün işlərin təxminən 10 faizinin qaldığını da sözlərinə əlavə edib.
Azərbaycan üçün ənənəvi olan idman növünün bu mərkəzdə daha da inkişaf edəcəyini əvvəlcədən də söyləmək mümkündü. Necə ki, Zemfira Meftahətdinova Olimpiya çempionu, İradə Aşumova Oyunların bürünc mükafatçısı olduqdan sonra atıcılığa gedənlərin sayı artdısa, bundan sonra daha kütləviləşəcəyini şübhə yeri qalmır. Test yarışı nəzərdə tutulmayan kompleksdə bütün tirləri də Olimpiadada uğur qazanan idmançılarımız və yığmamızın digər üzvləri sınaqdan çıxarıblar. Natan bildirib ki, millimizin snayperlərinin bütün məsafələrə atışdan sonra hər şeyin tam müvəffəqiyyətlə başa çatdığına bir daha əmin olublar.
Menecer Mərkəzi dünyanın digər nöqtələrində olan arenalarla da müqayisə edib. Onun sözlərinə görə, kompleksinin ən vacib unikallığı bütün poliqonların və ya hədəflərin hamısının bir yerdə, bir divarda olmasıdı: “Adətən məsafələr üzrə tirlər başqa-başqa yerdə inşa edilir. Həmçinin, bura şəhərdən də uzaqda deyil”.
Mərkəzdə Oyunlar zamanı 19 dəst medal öz sahibini tapacaq. İyunun 13-19-da olacaq yarışlarda 295-330 snayperin iştirakı planlaşdırılır.