İspaniyanın “Atletiko” klubunun futbolçusu Arda Turan vədini yerinə yetirib. Lent.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi Kral Kubokunu qazandıqdan dərhal sonra saçını dibindən qırxdırıb.
Onun istəyini isə bərbər yox, komanda yoldaşları paltardəyişmə otağında yerinə yetiriblər. Arda jurnalistlərə açıqlamasında deyib: “Mən sözümün ağasıyam. Ağzımdan çıxan hər şeyi yerinə yetirərəm. Saçlarımı bütün komanda yoldaşlarım kəsdi. Mario Suares başladı, fizioterapist başa çatdırdı”.
26 yaşlı futbolçu “Atletiko”nun heyətində 2 mövsümə 3-cü kubokunu qazanıb. Ötən mövsüm o, Avropa Liqasına və UEFA Superkubokuna sahib olub. Arda İspaniya Kubokunun finalında “Real Madrid” üzərində layiqli qələbə qazandıqlarını bildirib: “Qazanmaq üçün hər şeyi etdik. Qanımızı, tərimizi, hər şeyimizi verdik. Haqq etdiyimiz bir kubok qazandığımızı düşünürəm. Hər şey möhtəşəm idi. Komanda yoldaşlarımla qürur duyuram. Baş məşqçimiz Dieqo Simeone inanılmaz mütəxəssisdir. O, komandanı matça çox yaxşı hazırladı. Uduzacağımızı bir an da düşünmədik. Simeonenin oyunçusu olmaqdan qürur duyuram. Möhtəşəm hisslərdir, həyatımın ən gözəl anlarından biridir”.
Türkiyəli yarımmüdafiəçi “Atletiko”dakı ikinci mövsümünü də yüksək dəyərləndirib. Bütün hədəflərinə çatdıqlarını deyən Arda artıq çox rahat dincələ biləcəyini söyləyib. O, klubla daha 2 il müqaviləsinin olduğunu xatırladaraq, gələcək taleyi ilə bağlı bundan artıq bir söz deməyib. Futbolçu 2:1 hesabı ilə nəticələnən final fitindən sonra meydanda diz çökərək ağlayıb və dualar edib. Turan həmin anlarda keçirdiyi hissləri belə ifadə edib: “Mən bir müsəlmanam. Matçdan sonra Allaha şükür etdim. Təkcə mən yox, hamı ağladı. Bu kuboku qazanmağı çox istəmişdim. Gözəl duyğu idi”.