Akademik avarçəkmə də Bakıdakı Avropa Oyunlarına qatılmaq istəyir
07 iyun 2013 11:17 (UTC +04:00)

Akademik avarçəkmə də Bakıdakı Avropa Oyunlarına qatılmaq istəyir

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına akademik avarçəkmə növünün də salınması təklif olunub. Lent.az-ın məlumatına görə, belə bir təkliflə Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) Baş Assambleyasında Avropa Olimpiya Komitələri Assosiasiyasını təmsil edən Dermot Henihan çıxış edib.

 

Henihan Avropa Oyunları ilə bağlı məruzəsində bu növün iki həftə öncə proqrama salınmasının təklif olunduğunu bildirib. Öz növbəsində, FİSA-nın icraçı direktoru Mett Smit avarçəkmə yarışlarında iştirakla bağlı bir sıra məsələlərin həllinə diqqət çəkib.

 

O bildirib ki, Bakıda bu növ üzrə yarışların keçirilməsi üçün yer yoxdur. Keçmiş SSSRİ yığmasının təlim-məşq mərkəzinin yerləşdiyi Mingəçevir isə paytaxtdan 350 km aralıdadır. FİSA və Avropa Avarçəkmə İdarəçiliyi Şurasının (ERMB) rəsmiləri məsələnin yerindəcə həllinə çalışmaq üçün tezliklə Bakıya gələcəklər.

 

Digər məsələ Avropa Oyunlarında avarçəkmə yarışlarının təqvimi ilə bağlıdır. Avarçəkmə iyunun 12-dən 28-dək keçiriləcək Oyunlarda yer alacağı təqdirdə, Avropa çempionatını əvəzləyəcək. Bu isə FİSA-nı Dünya Kubokunun II mərhələsini mayın sonlarına (29 – 31 may) çəkməyə məcbur edəcək. Nəticədə Avropa Oyunlarında akademik avarçəkmə yarışları 19 – 21 iyuna təsadüf edəcək. Lakin bu zaman qeyri-Avropa ölkələri boşda qalacaqlar. Çünki Avropa ölkələrindən fərqli olaraq, Dünya Kubokunda bütün qitələr təmsil olunurlar.

 

Sonuncu məsələ isə qayıqların Azərbaycanda nəqli ilə bağlıdır. Yarış avadanlığını ölkəmizə Ukraynadan keçməklə Gürcüstan, yaxud Bolqarıstandan keçməklə Türkiyə üzərindən gətirmək mümkün olacaq. Bu səbəbdən, yarış iştirakçıları qayıq nəqlinə sərf olunan vaxtı da nəzərə almalıdırlar.

 

Qərara alınıb ki, təftiş qrupu məruzə hazırlayaraq, ERMB-yə təqdim etsin, sonra isə həmin məruzə Avropa ölkələrinin milli federasiyalarına yayılsın. Daha sonra iyulun 13-də İsveçrənin Lütsern şəhərində fövqəladə Assambleya çağırılacaq və milli federasiyalar Avropa Oyunlarında iştirakla bağlı mövqelərini açıqlayacaqlar. FİSA Şurası isə gələn həftə dünyadakı vəziyyəti qiymətləndirmək üçün görüş keçirəcək.

 

Qeyd edək ki, daha öncə avarçəkmənin kayak və kanoe növlərinin I Avropa Oyunlarında təmsil olunacağı dəqiqləşib. Bu növlər üzrə yarışlar Bakıda deyil, Mingəçevirdə baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Oxşar yazılar