Abdulbari Gözəl: “Dünyaya Qarabağın sahibinin olduğunu göstərməyə çalışırıq”
23 iyul 2014 00:26 (UTC +04:00)

Abdulbari Gözəl: “Dünyaya Qarabağın sahibinin olduğunu göstərməyə çalışırıq”

Lent.az-ın Apasport-a istinadən məlumatına görə, “Qarabağ” futbol klubunun prezidenti Abdulbari Gözəl “Valletta” ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyunla bağlı düşüncələrini bilmək istərdik.

 

- “Azərsun”un gördüyü hər işdə bir məna var. Açığı, futbolla elə də dərindən maraqlanmıram. Ümummilli liderimiz Heydər Əliyev o zaman buyurdu ki, bir klub al, “Qarabağ”ın adını dünyaya tanıt. Bu bizim üçün bir məsuliyyət idi. Hansısa işi görürüksə, işimizə ciddi, məsuliyyətli yanaşırıq. Hazırda “Qarabağ”ı dünyaya tanıtmaq, Qarabağın sahibinin kim olduğunu ortaya qoymaq istiqamətində çalışırıq. İşimizdə iman var, baş məşqçimiz imanlı adamdır. Şou göstərmirik. Gördüklərimiz həqiqətdir. Şükürlər olsun ki, bura qədər irəlilədik, yolumuza davam edəcəyik.

 

- “Qarabağ”ın oyununu izləyən zaman dincəlirsiniz, yoxsa həyəcanlanırsınız?

 

- Əlbəttə, həyəcanlanıram. Həm də qismətə inanan insanlarıq. Həyatda vacib olan şey işi düzgün yerinə yetirməkdir. Yaradan da kömək edər. Yarımçılıqla uğur qazanmaq mümkün deyil. Həqiqət, dürüstlük, kişilik olsa, ölkənin mənafeyi hər şeydən üstün tutulacaq. Siz jurnalistlər də gələcəkdə kimlərəsə istiqamət verə, həyatlarında mühüm rol oynaya bilərsiniz. Bunun üçün çalışırıq. “Qol vurdum, o birisini əzdim” deyə məqsədimiz yoxdur. Burdan Qarabağın sahibin var olduğunu duyurmaq, bildirmək istəyirik. Qarabağ bizimdir, bizim də olacaq.

 

- Ağdam işğal günü ərəfəsində bu qələbə yerinə düşdümü?

 

- Buna görə ikiqat şükür edirik. Cənab prezidentimiz bütün sahələrdə Qarabağ üzərinə gedir. Diplomatik, iqtisadi və s. Bu işi də bizə həvalə ediblər. Biz də əlimizdən gələni edirik. Sizi “Qarabağ”ın yeni inşa edilən 5 ulduzlu otelini görməyə dəvət edəcəyik. Çox gözəl klub, baza yaratmışıq. 5-6 ay ərzində tikinti işlərə başa çatacaq. Dəvət edəcəyik, çay içəcəyik, görülən işlərlə tanış olacağıq.

 

- Ağdamlı fanatlar hələ də çempionluq kubokunun rayona gətirilməsini gözləyirlər. Bu nə vaxt baş tutacaq?

 

- Həqiqət budur ki, komanda rayona tez-tez gedib-gələndə yorulur, öz vəzifəsini icra edə bilmir. Ağdam Qarabağın bir parçasıdır. Qarabağ isə Azərbaycan deməkdir, hər kəsin ürəyindədir. Onların könlünü xoş eləmək üçün arada gedib-gələcəyik. Amma hər gün gedə bilməyəcəyik. Kuboku aparacağıq. Amma indi beynəlxalq oyunlar başlayıb. “Qarabağ”ı rəqibləri çox ciddi bir komanda kimi qəbul edir. “Azərsun” olaraq “Qarabağ” inkişafı üçün bütün işləri görürük. Bu arada sizləri mətbuat günü münasibəti ilə təbrik edirəm. Məni tənqid etsələr də, mətbuatı sevirəm.

 

- Gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar əksər klublar futbol komandasının büdcəsini azaldıb. Bu baxımdan “Qarabağ”da vəziyyət necədir?

 

 - Bizim elə bir sıxıntımız yoxdur. Müəyyən mərhələyə qədər gəlmişik, bundan sonra da yolumuza davam edəcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1187
avatar

Oxşar yazılar