"Tvente"yə yenə qol vurmaq istəyirəm"
10 avqust 2014 17:30 (UTC +04:00)

"Tvente"yə yenə qol vurmaq istəyirəm"

"Rəqib bizə tanışdır. Bilirik ki, səviyyəli komandadır. 2009-cu ildə "Tvente" ilə qarşılaşanda çox güclü idilər. İndi isə rəqib haqda məlumatımız yoxdur. Baş məşqçiləri və bir çox futbolçuları dəyişib. Onu bilirik ki, heyətlərində gənc futbolçular çoxdur. Baş məşqçiləri də cavandır". 

Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov Avropa Liqasının "pley-off" mərhələsində rəqibləri olan "Tvente" klubu haqda danışarkən deyib. 

Milli komandamızın üzvü "Tvente"ni potensial rəqiblərinin ən güclülərindən hesab etdiyini bildirib: "Əlbətdə ki, "Tvente" ən çətin rəqiblərdən biridir. Ancaq qismətimizdə bu var imiş. Buna bəxtsizlik də demək olar. Nə edə bilərik? Bizə o qalır ki, ciddi hazırlaşaq və rəqibimizə qalib gələk". 


Xatırladaq ki, "Tvente" "Qarabağ" üçün tanış rəqibdir. "Qarabağ" Avropa Liqasının 2009/2010 mövsümündə bu komanda ilə məhz "pley-off"da oynayıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam təmsilçisi Bakıda rəqibi ilə ilə 0:0 bərabərə qalıb. Komandamızın səfərdə vurulan yeganə qolunun müəllifi isə V.Nadirov olub. Həmin oyunu xatırlayan təcrübəli hücumçu yenidən "Tvente"yə qol vurmaq istəyində olduğunu qeyd edib: "Bəli, 2009-ci ildə səfər oyununda "Tvente"yə qol vurmuşdum. Əlimdən gələni edəcəm ki, bunu bir daha edim. Bilirəm ki, hamı məndən qol gözləyəcək. Mən də qol vurub, komandamı növbəti mərhələyə yüksəltmək üçün çox çalışıram. Qol vurmayanda özüm də pis oluram". 

V.Nadirov qrup mərhələsinə düşmək şanslarının az olmadığını vurğulayıb: "Düzdür, heyətimizdə müəyyən itkilər var. Ancaq 2009-ci illə müqayisədə komandamızın oyununda xeyli inkişaf var. Mümkünsüz heç nə yoxdur. "Tvente" səddini keçə bilərik. Hər halda bu, bizim üçün bir revanş oyunudur. 2009-ci ildəki məğlubiyyətin əvəzini çıxmaq lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1382
avatar

Oxşar yazılar