Topaz Premyer Liqasnın XIII turunda səfərdə “Qarabağ”a uduzan (1:2) “Qəbələ”nin baş məşçisi oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib.
“Gözəl oyun izlədik. Oyuna gəldikdə isə hakimlərlə bağlı ötən mövsüm də danışmışdım. Bu mövsüm də həmin hadisələr davam edir. İndi mən evə getmək istəyirəm, ancaq psixoloji cəhətdən komandanın yanında olmağı arzulayıram. Düzünü deyim, getmək istəyirəm”.
- Sizin sözlərinizdən belə çıxır ki, Topaz Premyer Liqasında oyunların nəticəsi meydanda yox, kabinetlərdə həll olunur...
- Bu dediyim sözlərin heç biri “Qarabağ”a aid deyil. Bu komandaya, baş məşqçisinə hörmət edirəm.
- Son sözlərinizdən belə aydın olur ki, komandadan getmək istəyirsiz. Bir də, sizcə, bu oyunda hakimin qərarları qərəzdən yoxsa savadsızlıqdan irəli gəlirdi?
- Mən dedim ki, evə getmək istəyirəm. Ancaq belə vəziyyətdə komandamın yanında olacam. O ki qaldı ikinci suala, məncə, azərbaycanlı hakimlər oyun idarə etməyi bacarırlar. Ancaq necə olur ki, top oyunçunun üzünə dəyir, ancaq hakim penalti təyin edir?
- Son dəqiqələrdə sanki komandanı meydandan çıxarmaq istəyirdiz...
- Xeyir. Sadəcə, komandamın münaqişəyə qarışmamasını istədim.
- “Qəbələ” artıq neçənci dəfədi qələbə hesabını qoruyub saxlaya bilmir. Bunun səbəbi nədi?
- Bizim oyunumuz o qədər də ideal deyil. Ancaq bu gün nəyin çatışmadığını bilmirəm. Oyunun əvvəlində də, sonunda da səhvlərimiz oldu. Ancaq bu o demək deyil ki, biz həmişə belə oynayırıq.