“Neftçi” AL-in pley-off mərhələsinin ilk oyunu öncəsi problemlə üzləşib. Lent.az-ın apasport.az-a istinadən məlumatına görə, “ağ-qaraların” böyük ümidlərlə heyətə qaytardığı Nikolas Kanalesin transferini rəsmiləşdirmək müşkülə çevrilib.
Buna səbəb 29 yaşlı hücumçunun transfer vərəqəsinin yubanmasıdı.
Həmin sənəd üçün Çili Futbol Federasiyasına sorğu göndərilsə də, cənubi amerikalılar məsələnin həllini yubadırlar. Elə bu üzdən də paytaxt təmsilçisi Kanalesi sifariş edə bilmir.
AL-in “Partizan”la avqustun 21-də baş tutacaq ilk qarşılaşmasına cəmi 3 gün qalması isə “Neftçi” rəhbərliyini daha sərt addım atmağa vadar edib.
Belə ki, paytaxt təmsilçisi Kanalesin qarşısına şərt qoyub: Sabahadək transfer vərəqəsi gəlməsə, “ağ-qaralar” ondan imtina edəcək. Bu addım da başadüşüləndi.
Çünki Kanales avrokuboklarda “Neftçi”yə kömək etmək üçün qaytarılıb. Pley-off mərhələsində iştirak üçün oyunçuların son sifariş tarixi isə avqustun 20-də başa çatır. Bu səbəbdən bakılıların pley-off mərhələsində komandaya kömək edə bilməyəcək hücumçunu heyətdə saxlamayacağı istisna deyil.
Qeyd edək ki, 2012/13 mövsümündə Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri olduqdan sonra vətəninə qayıdan Nikolas “Kolo-Kolo” ilə müqavilə imzalasa da, burada qısa müddət keçirib və “Santyaqo Uonderers”ə icarəyə verilmişdi.