“Neftçi” rəhbərliyində edilən dəyişiklikdən sonra komandada yeni struktur və kadr dəyişikliyi olacaq. Apasport.az saytının xəbərinə görə, gələn həftə ictimaiyyətə açıqlanması gözlənilən dəyişiklərdən artıq böyük əksəriyyəti məlumdu.
Belə ki, komandada yeni yaradılacaq departamentlərdən biri transferlərin həyata keçirilməsi ilə bağlı olacaq. Bu departamentə gənc kadrlardan biri rəhbər təyin olunacaq, amma bütün işləri FİFA meneceri – vaxtilə Berti Foqts və Kaxaber Sxadadze kimi məşqçiləri, eləcə də Valentin Belkeviç, Marius Verpakovski və digər tanınan futbolçuları Azərbaycana gətirən Kamil Məmmədov görəcək.
Bu dəyişiklikdən sonra Məmmədovun 2 müştərisi - Julius Vobayla Nikolas Kanalesin növbəti mövsümdə də “ağ-qaralar”ın formasını geyinəcəyi gözləniləndi. Kapitan Flavinyo ilə yanaşı, digər yarımmüdafiəçilər Erik Ramos və Kaue da Silvanın müqavilə müddəti davam etdiyi üçün komandada saxlanılacaq.
Baş məşqçi Arif Əsədovun komandada qalıb-qalmayacağı isə ölkə kubokundan asılıdı. Çempionluqdan əli üzülən paytaxt təmsilçisi kuboku da muzeyinə apara bilməsə, Əsədovla yollar ayrılacaq.
Paytaxt təmsilçisinin təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayevin ardınca Marketinq şöbəsinin rəhbəri Zaur Mütəllimov da vəzifəsindən uzaqlaşdırılır.
“Ağ-qaralar”ın planında Beynəlxalq Departamentin yaradılması da var. Bura rəhbərlik edəcək şəxs isə böyük ölçüdə müəyyənləşib. Klubun tərcüməçisi Qədir Həsənovun yeni vəzifəsinin icrasına yaxın zamanda başlayacağı gözlənilir.
Klubun Kadrlar şöbəsi departamentə çevriləcək. Burada rəhbər dəyişikliyi olmayacaq. Belə ki, soyadını dəqiqləşdirə bilmədiyimiz Gülnarə adlı xanım eyniadlı departamentə rəhbərlik edəcək.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti də ciddi dəyişikliyə məruz qalır. Son illərdə bu departamentə rəhbərlik edən Gündüz Abbaszadənin postunda qalıb-qalmayacağı hələ dəqiqləşməyib. Bu posta Mehman Rəsulov əsas namizəddi. Əvvəllər də bu departamentdə çalışan Rəsulovun təyinatından sonra, Abbaszadə də departament rəhbəri olacaq. Amma o, yeni yaradılan Oyunların Təşkili Departamentinə başçılıq edəcək. Son 3 ildə matçlarla bağlı iclaslara qatılan, protokola nəzarət edən Abbaszadənin təyinatı da yaxın günlərə təsadüf edəcək.
Klubun rəsmi saytı Habil Hacıyevə həvalə olunub. Uzun müddətdi burada çalışan sayt vitse-prezident Elnur Məmmədovun nəzarəti altında olacaq. Belə ki, sayta yerləşdirilən xəbərlər məhz vitse-prezidentin razılığı ilə təqdim ediləcək.
Baş məşqçi Arif Əsədovun oğlu Cavid və Çingiz Həsənov “Neftçi” TV və klubun sosial şəbəkələrdə təbliğinə cavabdeh olacaqlar. Əldə etdiyimiz məlumata görə, Cavid Məmmədovla dost münasibətlərindədi.
Klubun özü də artıq MMC deyil, ASC kimi fəaliyyət göstərəcək. Bu üzdən artıq əksər əməkdaşlar VÖEN-lə çalışacaqlar. Elə aşağı yaş qrupları üzrə komandaların məşqçiləri də ərizələrini rəhbərliyə təqdim ediblər. Vitse-prezidentin müşaviri olacaq icraçı-direktor Mübariz Xudiyev çalışdırıcılar arasında seçim edərək, kimin qalıb, kimin qalmayacağı ilə bağlı siyahı hazırlayıb.
Klubun təhlükəsizlik xidmətinin yeni rəhbəri də müəyyənləşib. Onun adını dəqiqləşdirə bilməsək də, Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayevə yaxın adam olduğu deyilir