"Neftçi" pley-off mərhələsinə yüksəldi
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, ötən həftə Bakıda “Çixura” ilə bərabərliyə qalan (0:0) “Neftçi” Tiflisdə rəqibini məğlub edib.
Oyuna daha yaxşı başlayan təmsilçimiz 16-cı dəqiqədə Nforun uzaq məsafədən vurduğu gözəl qolla hesabı açıb. Kamerunlu hücumçu 11 dəqiqə sonra dublunu rəsmiləşdirib. Amma “Neftçi” ikinci qolun sevincini çox yaşamayıb. Cəmi 3 dəqiqə sonra Gabedava hesab arasındakı fərqi azaldıb – 1:2.
Bununla belə, “ağ-qaralar” fasiləyədək üstünlüyünü yenidən iki topa çatdırıb. Matçın ən yaxşılarından olan Nfor 37-ci dəqiqədə het-trikini rəsmiləşdirib.
Məğlubiyyətdən qaçmağa çalışan gürcülərin gücü yalnız bir qola çatıb. Həmin qolu da ikinci hissənin əvvəllərində Gabedava vurub.
Bununla, 3:2 hesablı qələbə qazanan təmsilçimiz pley-off mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Neftçi” ilə yanaşı, Avropa Liqasının pley-off mərhələsində daha bir komandamız – Çempionlar Liqası ilə vidalaşan “Qarabağ” da mübarizə aparacaq.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
“Çixura” (Gürcüstan) – “Neftçi” (Azərbaycan) - 2:3
Qollar: Georgi Qabedava, 30; 51- Ernest Nfor, 16; 27; 38
Baş hakim: Tamas Bognar (Macarıstan)
Tiflis. Mixail Mesxi adına stadion
2156