AFFA-nın prezidenti: “Bu gün nəinki "Neftçi"nin, Azərbaycan futbolunda dəyişiklik vaxtı gəlib”
“Neftçi” klubu yeni rəhbərini seçilib. Apasport.az-ın məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin binasında bununla bağlı iclas keçirilib. Toplantıda “Neftçi”nin Müşahidə Şurasının rəhbəri vəzifəsinə tanınmış yazıçı Çingiz Abdullayev seçilib. Bundan əlavə, yeni yaradılan Şuranın üzvləri də təsdiqlənib.
“Neftçi”nin prezidenti vəzifəsindən uzaqlaşdırılan Sadıq Sadıqov bundan sonra Müşahidə Şurasının üzvləri sırasında yer alacaq. Onunla yanaşı, Bəhram Bağırzadə, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov və Cəbrayıl Cəbrayılov da həmin şurada olacaq. Digər üzv Çingiz Abdullayev isə Şuraya rəhbərlik edəcək.
İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib: “Bu gün nəinki "Neftçi"də, Azərbaycan futbolunda dəyişiklik vaxtı gəlmişdi. Keçən il qərara alınmışdı ki, klublarda Müşahidə Şurası yaradılsın. Müəyyən problemlər oldu. Bilirsiniz ki, "Neftçi" Futbol Klubu ayrı qurum idi. Bizim "Neftçi" İdman Klubumuz var ki, 36 idman növündə 5 minə yaxın idmançı var. "Azərneftyağ" neft emalı zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Bu gün bunun qərarını verdik. "Neftçi" Futbol Klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Seçim sonra olacaq. Düşündük ki, tanınmış simalar yer alsın bu şurada. Çingiz Abdullayevdən xahiş etdik ki, bu şuraya rəhbərlik esin. O, "Neftçi"sevərlərdəndi. Sağ olsun ki, təklifimizi qəbul etdi. Bəhram Bağırzadə də təklifimizi müsbət qarşıladı. Tanınmış futbolçularımız Mübariz Zeynalov və Səməd Qurbanov da razılıq verdilər bu Şurada iştirak etməyə. "Neftçi"dən Zaur Qəhrəmanov və Sadıq Sadıqov da bu şurada yer alacaq. "Neftçi"nin aksiyaları buraxılacaq. Klub gələn ilə qədər artıq şəxsi klub olmayacaq, ictimaiyyət idarə edəcək”.
Komandanın aksiyalarının satılacağını deyən AFFA rəhbəri bildirib ki, klub idarəçiliyi ictimailəşəcək: “Bunun təhlilini aparmışıq. Azərbaycanda son 15 ildə 18 klub fəaliyyətini dayandırıb. Bunun qarşısını almağa çalışırıq. Avropada klubların 100 yaşları var. Çünki orda klublar ictimailəşib. Biz də qərara aldıq ki, bu yolla getməliyik. Rayonlardakı klublar da belə idarə olunacaq. Dövlət tərəfindən maliyyələşmə mexanizmi düşünüləcək. Artıq heç bir klub bir adamın olmayacaq. Artıq hər klub öz bölgəsinin klubu olacaq, orda hamı cavabdeh olacaq. Məncə, bu, daha doğru yoldu. Biz də bunu "Neftçi"dən başladıq. Bu, İdarə Heyətinin giriş iclasıdı. Müşahidə Şurasında yer alanlar bu işə həvəslə girişirlər. İnanıram ki, bunun futbolumuza dəstəyi olacaq. Bütün klubun idarəçiliyi Müşahidə Şurasına keçib”.
"Neftçi" klubun yeni rəhbəri Çingiz Abdullayev isə jurnalistlərə açıqlmasında deyib ki, futbolçu çox sevir: “Son iki gündə bu barədə çox oxudum. Futbolu çox sevirəm. Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt cəsarətim çatırdı, başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. Amma söz verirəm ki, meydana çıxmayacam. Futbolu da bilirəm. Uşaqlıqda həmişə "Neftçi"nin stadionunu dolu görürdük. Amma 1966-cı ildən sonra böyük uğurumuz olmadı. Bu təklifi eşidən kimi razılıq verdim”.