Muaremin son müsahibəsi: “Qarabağ”ı unutmayacam”
04 iyun 2015 12:53 (UTC +04:00)

Muaremin son müsahibəsi: “Qarabağ”ı unutmayacam”

 

“Qarabağ” klubunun futbolçusu Muarem Muarem ölkə kubokunun finalında “Neftçi” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Çempionluğun ardınca, ölkə kubokuna da sahib çıxdınız. Qələbəni bu qədər asan qazanacağınızı gözləyirdinizmi?

 

- “Neftçi”yə qarşı bu mövsüm yaxşı oynadıq. Elə son görüşümüzdə də üstünlüyü əldən vermədik. Mövsümü hər iki cəbhədə qalib bitirmək istəyirdik. Uğurlu alındığı üçün sevinirəm. Bundan gözəl nə ola bilər? Onsuz da çempion kimi avrokuboklara vəsiqə qazanmışdıq. Kubok mövsümdə ikinci titulumuz oldu.

 

- Hesabın erkən açılması “Qarabağ” üçün matçın taleyini böyük ölçüdə həll etdimi?

 

- Xeyr. “Neftçi” ilə oyunlarımız çətin keçir. Çempionatda hesabda 2:0 öndə olsaq da, sonradan 2 qol vurdular. Bu baxımdan matçların çətin keçdiyini vurğulamalıyam.  

 

- “Qarabağ”ı “Qızıl dubl”la tərk edirsiniz?

 

- Sabah Türkiyəyə gedirəm. Hər kəsin öz məqsədi var. İnşallah, “Əskişəhərspor”da istəyim alınacaq.

 

- Qol vurmaq istəyiniz də bundan irəli gəlirdi?

 

- Təbii ki, meydana istəklə çıxdım.  Bəlkə bir gün yenidən “Qarabağ”a döndüm, oynamaq üçün.

 

- “Qarabağ” “Əskişəhərspor”la anlaşdımı?

 

- Onlar məni hələ qış fasiləsi zamanı istəyirdilər. Ancaq klublar arasında razılıq əldə edilmədi. İndi müqaviləm başa çatıb. Azad agentəm.

 

- Bəs “Qarabağ” rəhbərliyi sizin komandada qalmağınızı istəmədi?

 

- Yeni müqavilə təklif edildi, amma müəyyən şərtlərdə anlaşa bilmədik. Bu kimlərləsə problem yaşamağım anlamına gəlməməlidi. 3 ildən artıqdı burdayam, məmnunam. Ötən mövsüm də çempion olduq, avrokuboklarda uğurlu mövsüm keçirdik.

 

- “Əskişəhərspor”la müqavilənin müddəti neçə il olacaq?

 

- Hələ bilmirəm. Onu Türkiyədə danışacağıq.

 

- Azərbaycan nə ilə yadınızda qaldı?

 

- Üç ildən artıdı ölkənizdəyəm, bizi hər yerdə mehribanlıqla qarşıladılar. İnsanlar bizi çox sevdilər. Əlbəttə, burdan ayrıldığıma görə üzülürəm. Dostlarımı tərk edirəm. Amma futbolçu həyatı bilinmir. Bir gün burda, üç gün başqa klubda çıxış edirsən.

 

- “Qarabağ” Avropada yeni-yeni özünü tanıtmağa çalışırdı. Belə bir məqamda komandadan ayrılmağınız onlar üçün də itki olmayacaqmı?

 

- Bu, mənim qərarımdı. “Qarabağ”ın uğurlarını davam etdirəcəyini, önə gedəcəyini düşünürəm. Burda olduğum müddətdə ən yaxşısını reallaşdırmağa çalışdım.

 

- Bəs komanda yoldaşlarınızdan kimlər üçün darıxacaqsınız?

 

- Demək olar hamısı üçün. Amma qapıçımız İbrahim Şehiçlə bir yerdə daha çox gəzirdik, hətta bir otaqda qalırdıq. Həmin günlərin xislətini çəkəcəyəm.

 

- Bakıya nə vaxtsa turist kimi gələcəksinizmi?

 

- Niyə də yox? “Qarabağ”a tez-tez baş çəkəcəm. “Qarabağ”ı unutmayacam.

 

- “Qarabağ” Çempionlar Liqasında oynayacaq. Ancaq “Əskişəhərspor”un hələlik belə şansı yoxdu. Bu amil sizi düşündürmədi?

 

- Bir seçim etməli idim, sonda bu qərarı verdim. Buna hörmət etmək lazımdı. Türkiyədə oynamaq nəsib oldusa, bundan istifadə etmək lazımdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar