Bu gün Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gələcək.
Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən “kral klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan “qırmızılar”.
12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan “kral klubu” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədirsə, ÇL-in beşqat qalibi “Liverpul” möhtəşəm hücum “trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.
Rəqibindən fərqli, “Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. “Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen zədə ucbatından meydana çıxa bilməyəcək.
UEFA Çempionlar Liqası
Final
26 may
22:45. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Milorad Maziç (Serbiya)
Kiyev, Olimpiya stadionu