Növbəti il üçün Bakıda keçiriləcək Formula-1 yarışları üçün hazırlıqlara start verilib.
Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, yarışların bu ilki kimi iyunun 18-də başlanması nəzərdə tutulur: “Lakin bu tarix hələ dəqiq deyil. Bununla bağlı müzakirələr aparılacaq və yarışın keçirilməsinin dəqiq tarixi dekabrın əvvəlində müəyyən ediləcək”.
N.Arpadarai bildirib ki, növbəti il yarışların keçirilməsinə hazırlıq işlərində həm vaxt, həm də maliyyə baxımından qənaət olunacaq: “Beləki, bu il yarış üçün quraşdırılan bir sıra avadanlıqlar hələ sökülməyib, bir sıra avadanlıqlar isə hazır vəziyyətdə anbarlarda saxlanılır. Yəni bu dəfə bu avadanlıqların quraşdırılması üçün vaxt və maliyyə sərf edilməyəcək”.
Şöbə rəhbəri əlavə edib ki, ötən yay Formula--in Bakıya gəlişi “Odlar ölkəsində, sürət zirvəsində” devizi ilə baş tutdu və bu yarış devizə uyğun olaraq reallaşdı: “Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran Prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı şəhər halqasında ən yüksək sürət qeydə alındı”.