“Hamının “Real” və ya “Barselona”da oynamaq istəyi başadüşüləndi. Lakin buna layiq olmaq lazımdı. Mən isə buna layiq olmadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın futbolçusu Aleksandr Quruli deyib.
Ukraynanın “Karpatı” klubunda 4 il çıxış edən futbolçu bu ölkədən olan həmkarlarımıza müsahibə verib. 30 yaşlı yarımmüdafiəçi karyerasını Azərbaycanda davam etdirdiyindən razı olduğunu bildirib: “Lakin hər şeydən razıyam. Futbol oynayıb, bundan zövq alıram. Hazırda da yaxşı formadayam. Baş məşqçi və rəhbərlik mənə güvənir. Azərbaycanda hər şey məni qane edir. Ümid edirəm ki. gələcəkdə də hər şey yaxşı olacaq”.
Karyerası ilə bağlı ətraflı danışan gürcüstanlı legioner Fransanın “Lion” klubunda çıxış etdiyi vaxt komanda yoldaşı olduğu ulduzlarla münasibətlərini də xatırlayıb: “Fransanın “Bulon” klubunun yetirməsiyəm. Onların məşhur futbol akademiyası var. Mənimlə eyni vaxtda Frank Riberi də orada çıxış edirdi. İlyarım bu futbolçu ilə komanda yoldaşı oldum. Onun 17, mənimsə 15 yaşım var idi. Az keçməmiş “Lion”un skautlarının diqqətini cəlb etdim və bu klubla müqavilə imzaladım. “Lion”un yeniyetmə komandasında Kərim Benzema ilə dostluq edirdim. Ben Arfa ilə o qədər yaxın münasibətimiz yox idi. Kərim ona görə daha böyük ulduz oldu ki, məşqçilərin tövsiyələrini dinlədi, öz üzərində səylə çalışdı. Ben Arfa isə özünü elə o vaxtdan ulduz sayırdı. Onun xarakteri dözülməz idi. Çox texnikalı idi, oyunların taleyini təkbaşına həll edirdi. Amma özünü ulduz kimi apardığından Benzema qədər uğura nail olmadı. “Lion” karyeramda çox sadə oğlan olan Silven Viltorla da dostlaşdım. O, müqavilə ilə aldığı butslarını mənə hədiyyə edirdi. Juninyo Pernambukanudan xahiş etdim ki, mənə cərimə zərbələri vurmağı öyrətsin. O məni öyrətsə də, alınmırdı. Baş düşdüm ki, bunu ancaq seçilmişlər bacarır”.
Quruli məşhur fransalı futbolçu Floran Maluda ilə arasında yaşanan xoşagəlməz hadisəni də yada salıb: “Floran Maludanın ayağının arasından topu keçirdiyim vaxt başa düşdüm ki, heç vaxt ulduzların xətrinə dəymək olmaz. Hansısa uşağın belə hərəkətində onun nə hisslər keçirdiyini indi yaxşı başa düşürəm. Mən o vaxt texnikalı olduğunu, futbol oynaya bildiyimi göstərmək istəyirdim və topu onun ayağı arasından keçirdim. Maluda qəzəbləndi, mənə çatıb, iki ayaqla üstümə tullandı. İndi yetkin futbolçu kimi mən də belə edərəm. Düzdü, rəqibin ayağını sındırmaq ehtimalı da var. Lakin təcrübəli futbolçuya belə “ilişmək” də olmaz”.
Qeyd edək ki, Quruli 2015-ci ilin yayından AZAL-da çıxış edir.