<b>“Məndən olsaydı, hər ikisini Xəzərə tullayardım” - <span style="color:red;">AÇIQLAMA </b>
20 fevral 2014 15:56 (UTC +04:00)

“Məndən olsaydı, hər ikisini Xəzərə tullayardım” - AÇIQLAMA

Azərbaycan millisinin Ukrayna əsilli futbolçusu Volodimir Levin Kiyev hadisələri barədə Lent.az-a danışdı

 

 

“Kiyevdə baş verənlər vətəndaş müharibəsi deyil, “bardak”dır”. Bunu Lent.az-a Azərbaycan millisinin əslən ukraynalı futbolçusu və “Qəbələ” klubunun kapitanı Volodimir Levin deyib.

 

30 yaşlı müdafiəçinin fikrincə, Rusiya Ukrayna uğrunda Avropa ilə mübarizə aparır: “ABŞ Ukraynanı öz tərəfinə çəkdikdən sonra Rusiya sərhədlərinə yaxınlaşacaq. Bunu Rusiya gözəl başa düşür. Həm Rusiyanın Ukrayna uğrunda mübarizəsini, həm də Ukraynanın bu addımını normal saymıram. Çünki bundan əhalinin 95 faizi əziyyət çəkir. Doğmalarım Ukraynanın başqa bölgələrində yaşayırlar. Amma Kiyevdə tanışlarım var ki, hətta uşaqlarını bağçaya apara bilmirlər”.   

 

Levin toqquşmalarda iştirak edən tərəflərin heç birinə haqq qazandırmayıb. O, Ukrayna hakimiyyəti və müxalifəti liderlərini sərt tənqid edib: “Bunlar bir çox siyasətçinin işidir. Məndən olsaydı, Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət lideri Arseni Yatsenyuku Xəzər dənizinə tullayardım. Müxalifətçiləri dəstəkləyən Vitali Kliçkoya gəldikdə, o, dahi idmançıdır. Başa düşürəm ki, müxalifətçilər populyarlığından yararlanaraq, öz sıralarına cəlb ediblər. Amma Kliçko siyasətə qarışmaqla bir çox insanın gözündən düşdü”.

 

Qeyd edək ki, Volodimir Levin peşəkar karyerasına Ukraynanın Odessa şəhərini təmsil edən “Çernomorets-2”də başlayıb. 2005-ci ildən Levinin Azərbaycan karyerası başlayıb. O, Bakı “İnter”inə keçdikdən bir il sonra – 2006-cı il iyulun 28-də Azərbaycan vətəndaşlığını qəbul edib və millimizə cəlb olunub. Təcrübəli müdafiəçi ötən ilin yayında “Qəbələ”yə keçib.  

# 1387
avatar

Oxşar yazılar