<b>“VAR tətbiq olunsa, “Bavariya” – “Roma” finalı görəcəkdik”</b>
03 may 2018 12:04 (UTC +04:00)

“VAR tətbiq olunsa, “Bavariya” – “Roma” finalı görəcəkdik”

 

Çempionlar Liqasında ikinci finalçının kimliyinə aydınlıq gəlib. Səfərdə “Roma”ya 2:4 uduzmasına baxmayaraq, iki oyunun ümumi hesabına görə (5:2, 2:4) rəqibini üstələyən “Liverpul” həlledici oyuna vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçiləri və futbolçuları fikirlərini bölüşüblər:

 

Eusebio Di Françesko (“Roma”nın baş məşqçisi): “Həm əsəbiyəm, həm də təəssüflənirəm, çünki finala çıxacağımıza inanırdım. “Roma” üçün bu təcrübə vacibdi, ancaq “Liverpul”a daha çox qol vura bilərdik. Kifayət qədər şansımız oldu. Çempionlar Liqasında mübarizəni dayandırdığımıza görə həqiqətən də məyusam, bununla belə, futbolçularıma təşəkkür edirəm. Onlar matçın ikinci yarısında, demək olar ki, qüsursuz oynadılar.

 

Növbəti mövsüm Çempionlar Liqasında yenidən bu yerlərə gəlmək bizim üçün önəmlidi. Ancaq ilk növbədə İtaliya çempionatında yüksək yerlərdən birini tutmalıyıq. Biz daha artığına nail ola bilərik. Bu barədə şübhəm yoxdu.

 

Əlbəttə, hakim “Liverpul”u qırmızı vərəqə və penalti ilə cəzalandırsa, işlər başqa cür ola bilərdi. Ancaq bizim də səhvlərimiz oldu və bu səhvlərin cəzasını çəkdik”.

 

Alessandro Florençi (“Roma”): “Çempionlar Liqasında VAR-dan istifadə olunsaydı, “Real” və “Liverpul” finala yüksələrdimi, bilmirəm. Bu sistem şübhələri aradan qaldırır.

 

Xüsusilə də təyin olunmamış penaltiyə görə üzgünük. “Roma” möcüzəni reallaşdıra bilərdi. Bəli, “Liverpul”dan 7 qol buraxdıq, ancaq birinci matçda Salahın vurduğu qol ofsayd idi, Edin Cekonun epizodunda ofsayddan söhbət belə, gedə bilməz və yekunda penalti verilməli idi və aşkar əllə oyun...

 

“Roma” bütün romalıların xəyalını qurduğu inanılmaz bir şeyi reallaşdıra bildi. Bu gün bütün İtaliya bizimlə qürur duyur. Bu, bizim üçün son yox, başlanğıc olmalıdı”.

 

Daniele De Rossi (“Roma”): “Əllə oyun epizodunu görmüşdüm, ətrafıma baxdım, Cekodan soruşdum, heç nə görmədiyini dedi, ona görə də epizodun çox üzərinə getmədim. Ancaq mən orda idim və hər şeyi görmüşdüm. İstənilən halda, mənim fikrim nəyisə dəyişmir.

 

Önəmli olan 180 dəqiqə ərzində oynanılan oyundu. Gücümüzə inanmadığımızı da demək olmaz. Təbii ki, “Roma” kimi bir komanda buraxılan qoldan sonra belə, geri dönəcək gücdədi. Bizim geri çəkilmək niyyətimiz yox idi.

 

Penalti epizodu bir saatın tamamından sonra baş vermişdi, yəni kifayət qədər zamanımız var idi. Penalti oyunun gedişatını dəyişə bilərdi. Düzdü, ola bilərdi ki, “Liverpul” buna rəğmən, mərhələ adlasın, amma biz ən azından nəyəsə ümid edərdik.

 

Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Onlarla qürur duyuram. Digər komandalardan o qədər də geri qalmırıq, bu səbəbdən də, otuz ildə bir dəfə yox, hər üç ildə bir dəfə Çempionlar Liqasında yarımfinala çıxmalıyıq. Komandanı daha da gücləndirmək üçün çalışmağa davam edəcəyik”.

 

Ramon Rodriges Monçi (“Roma”nın idman direktoru): “Birinci oyunda ofsayd epizodunda qapımızda qol gördük, bu gün iki penaltimiz verilmədi, hətta bir epizodda rəqib qırmızı vərəqə ilə cəzalandırılmalı idi. Səsimizi yüksəltmək zamanıdı, çünki təkcə biz yox, “Yuventus” da “Real”la oyunda oxşar vəziyyətlə üzləşdi. İtalyan futbolu səsini yüksəltməlidi, çünki bu gün gördüklərimiz dəhşətvericidi.

 

Avropanın ən önəmli klub turnirində niyə VAR texnologiyasından istifadə olunmadığını anlamıram. Təbii ki, səhvlər yenə də olacaq, ancaq indiki vəziyyətlə müqayisədə, belə halların daha az şahidi olacağıq. Bu səhvlər təkcə iqtisadi baxımından deyil, həm də çalışma əzmimizə, futbola qarşı olan hisslərimizə zərbə vurur. Oyunçular soyunub-geyinmə otağında çox əsəbi idilər, çünki ikinci hissədə ən yaxşı futbolumuzu ortaya qoymuşduq. Fanatlar öz aralarında zarafatlaşırlar ki, VAR tətbiq olunsa, “Bavariya” – “Roma” finalı görəcəkdik. Ancaq bu, zarafat deyil, həqiqətdi”.

 

Yurgen Klopp (“Liverpul”un baş məşqçisi): “Finala çıxmağımızı hazırda xəstəxanada olan azarkeşimiz Şon Koksa həsr edirik. Oyundan əvvəl də oyunçularla bu barədə danışmışdıq və artıq finaldayıq.

 

Bu gün “Liverpul” çox şanslı idi – bunu bilirik. “Roma” oyunçuları çox aqressiv idilər, riskə gedirdilər. Ancaq hər şey bizim üçün yaxşı qurtardı. Təəssüf ki, meydanda yaranan boşluqlardan istifadə edə bilmədik.

 

Nə deyə bilərəm, finaldayıq, qalan şeyləri o qədər də önəmsəmirəm. Bugünkündən daha yaxşı oynamalıyıq. İşin yaxşı tərəfi – biz bunu bacaracaq gücdəyik”.

 

Cordan Henderson (“Liverpul”): “Təəsüf ki, bizim üçün heç bir şey asan başa gəlmir. Birinci hissədə əla oynadıq və yaxşı qollar vurduq. Ümumi götürsək, son 10 dəqiqə istisna, oyunun nəzarətini əlimizdə saxlamağı bacarırdıq. Belə hallara yol verməməliyik, ancaq finala vəsiqə qazandığımız üçün sevinirəm.

 

Erkən qol vurmağın önəmini yaxşı başa düşürdük. “Roma”nın ilk qolunda çox şanssız idik, ancaq ümumilikdə, iki oyunun ümumi nəticəsindən məmnun qalmalıyıq. Bu gün daha yaxşı oynaya bilərdik, bununla belə, finaldayıq”.

 

Ceyms Milner (“Liverpul”): “Nə deyəcəyimi bilmirəm. Hər situasiyanı daha maraqlı vəziyyətə gətirməyi çox yaxşı bacarırıq. Ümumilikdə, yaxşı oynadıq, ancaq oyuna daha da yaxşı formada nəzarət edə bilərdik.

 

Heç kim deyə bilməz ki, Çempionlar Liqasında finala çıxmaq asandı. Bura gələnə kimi bir neçə güclü komandanı mübarizədən kənarlaşdırmışıq. Artıq finaldayıq, bundan zövq almalıyıq, ancaq çox uzatmaq olmaz, çünki irəlidə daha vacib oyunumuz var”.

 

Endryu Robertson (“Liverpul”): “Bu uğurun bir parçası olmaq gözəldi. Komanda yoldaşlarıma təşəkkür edirəm. Final yolunda bütün sınaqlardan uğurla keçdik. Nəticədən asılı olmayaraq, Kiyevdə əla zaman keçirəcəyik. Keçən mövsüm “Hall Siti”də olarkən liqada qalmaq uğrunda mübarizə aparırdım, indi isə finaldayam. Kiyev 100% xoşuma gələcək. Burada özümü evdə hiss edirəm.

 

“Real”la final görüşündə favorit deyilik, ancaq bəzən favorit olmamaq yaxşıdı”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340
avatar

Oxşar yazılar