Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 4 idmançısı nəyə qadir olduğunu göstərib.
Kişilər
60 kq
“Böyük Dəbilqə”nin ikiqat qalibi Orxan Səfərov mübarizəyə 1/16 finaldan start verib. O, ilk qarşılaşmasında İn Hyuk Çoini (Cənubi Koreya) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Səfərov 1/8 finalda qazaxıstanlı Qusman Kırqızbayevlə üz-üzə gəlib. Orxan bu dueldən də qalib ayrılıb. O, 1/4 finalda Visent Limarla döyüşüb. Fransalı rəqib də təmsilçimiz üçün keçilməz olmayıb.
Səfərov yarımfinalda Naohisa Tokata (Yaponiya) ilə qüvvəsini sınayıb. Təmsilçimiz bu dəfə yapon rəqibinə məğlub olub və mübarizəni bürünc medal uğrunda davam etdirəcək. Onun sonuncu rəqibi isə braziliyalı Erik Takabatake olub. Bu görüşü də qalib başa vuran Orxan mötəbər yarışı bürünc medalla yekunlaşdırıb.
66 kq
Bu çəkidə ölkəmizin idman şərəfini Nicat Şıxəlizadə qoruyub. İlk mərhələdən azad olan Qran-prinin qızıl mükafatçısı 1/16 finalda Daqa Qinqla (Çin) qüvvəsini sınayıb. Görüş təmsilçimiz üçün uğurlu alınıb. O, rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Nicat 1/8 finalda Kennet Van Qanskbeklə mübarizə aparıb və bu dəfə də tatamidən qalib ayrılıb. Şıxəlizadə belçikalı cüdoçunu 1 dəqiqə 46 saniyəyə ippona salıb. İdmançımız yarımfinala gedən yolda Anzaur Ardanovla (Rusiya) qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Buna baxmayaraq, 33 saniyəyə uduzan Şıxəlizadə medal şansını saxlayıb.
O, ilk təsəlliverici döyüşdə israilli Tal Flikerə qalib gəlib. Medal uğrunda onun sonuncu rəqibi isə kanadalı Antuan Buşar olub. Bu cüdoçunu da yolundan kənarlaşdıran Nicat Parisdən "bürünc"lə dönür.
73 kq
Bu çəki dərəcəsinin lideri olan Rüstəm Orucov da “Böyük dəbilqə”yə 1/16 finaldan start verib. O, bu mərhələdə Yeldos Jumaxanovla (Qazaxıstan) döyüşüb. Olimpiya mükafatçımız qarşılaşmasını vaxtından əvvəl bitirib. Rüstəm rəqibinə ipponla qalib gəlib. O, 1/8 finalda portuqaliyalı Jorj Fernandeslə gücünü yoxlayıb. Orucov yenə qələbə qazanıb. Analoji yarışın ikiqat qızıl mükafatçısı 1/4 finalda Saininjiriqara (Çin) ilə münasibətinə aydınlıq gətirib. Rüstəm asiyalını da mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlib.
O, final üçün Çanqrim Anla (Cənubi Koreya) mübarizə aparıb. Əsas vaxtı bərabərliklə başa çatan döyüşdə "qızıl xal"ı rəqib qazanıb və Rüstəm bürünc medal uğrunda döyüşməli olub.
Onun rəqibi isə həmyerlimiz Hidayət Heydərov olub. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan matçda "qızıl xal"ı Hidayət qazanıb və fəxri kürsüyə yüksəlib.
Orucovla eyni çəki dərəcəsində gücünü yoxlayan Hidayət Heydərov isə 1/16 finalda Kuok Vinq Li (Honkonq) ilə üz-üzə gəlib. Cüdoçumuz qarşılaşmanı 55 saniyəyə bitirib. O, rəqibini ippona salıb. Növbəti döyüşünü rusiyalı Vəli Kurjevə qarşı keçirəcən gənc idmançı bu dəfə vaxtından əvvəl qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Soiçi Haşimoto (Yaponiya) ilə qarşılaşıb. Döyüşdən Asiya Oyunlarının qalibi üstün ayrılıb.
Heydərov təsəlliverici qarşılaşmada Avropa çempionu Luis Korvalla (Fransa) görüşüb və fransızı yolundan kənarlaşdırıb. "Bürünc uğrund"a o, "Azərbaycan derbisi"ndə Rüstəm Orucovla münasibətlərinə aydınlıq gətirib.
Federasiya prezidenti Rövnəq Abdullayev bürünc medal qazanan Hidayət Heydərovun mükafatını şəxsən təqdim edib.
Qeyd edək ki, yığmamız yarışa 7 idmançı ilə yollanıb. Daha 3 cüdoçumuz bu gün tatamiyə çıxacaq.