<b>54 yaşlı Xaqani Məmmədov:</b> <span style="color:red;">"Sevdiyim qızdan cavab gözləyirəm"
05 aprel 2015 16:55 (UTC +04:00)

54 yaşlı Xaqani Məmmədov: "Sevdiyim qızdan cavab gözləyirəm"

Xaqani Məmmədov Azərbaycan futbolunda adı tez-tez hallanan şəxslərdən biridi. AFFA-nın Hakimlər Komitəsinin sədri olan Məmmədov adətən yetirmələri səhv buraxanda, üzünü qara edəndə yada düşür. Futboldan başı çıxan, çıxmayan, hamının tənqid hədəfidi. İnsafən, tənqidlərə qarşı çox dözümlüdü. Yerində başqası olsaydı, bəlkə də, çoxdan vəzifəsini atıb, qaçmışdı.

 

Onunla budəfəki söhbətimizdə futbol və hakimliyə toxunmamağa çalışdıq. Məmmədov "apasport.az"a müsahibəsində ara-sıra peşəsindən bəzi məqamları yada salsa da, əsas mövzu şəxsi həyatla bağlı oldu.

 

- Xaqani Məmmədovun uşaqlığı necə keçib? Sakit olmusuz, ya dəcəl?

 

- Dəcəl. Mənim də uşaqlığım həmyaşıdlarımın uşaqlığı kimi keçib. Ailədə 3 qardaş olmuşuq. Ortancılı mənəm. Hamı kimi, mənim də uşaqlığım dəcəlliklə keçib.

 

- Hakimlikdə əsas tələblərdən biri dəqiqlikdi. Bunu nəzərə alsaq, orta məktəbdə daha çox dəqiq, texniki fənlərə maraq göstərdiyinizi demək olarmı?

 

- 7-ci sinif qədər texniki fənlərə marağım olub. Amma 7-ci sinifdən sonra qarşıma konkret məqsəd qoydum ki, idman jurnalisti olacam. Hətta arzulayırdım ki, futbol şərhçisi olum.

 

- Bu istək necə yaranmışdı?

 

- 70-ci illərin əvvəllərində SSRİ-də, o cümlədən Azərbaycanda çox güclü şərhçilər var idi. Moskvada Nikolay Ozerov, Vladimir Maslaçenko, Azərbaycandan isə Qərib Əhmədli olduqca güclü futbol şərhçisi olub. Onun şərhinə qulaq asa-asa məndə bu sahəyə maraq oyandı. Elə o vaxtdan dəqiqləşdirdim ki, sənədlərimi jurnalistika fakültəsinə verəcəm. Məktəbi də həmin arzu ilə bitirdim. Düzdü, universitetə sənəd verəndə birinci il keçə bilmədim. O vaxt jurnalistikada çox güclü rəqabət var idi. 25 yerə 453 sənəd verilmişdi. Əksəriyyətinin də 7-8 il stajı var idi. Məktəbdən gələn 5-6 nəfər idik. Yaxşı bal toplasam da, keçmədim. Amma həmin arzu beynimdə qalmışdı. Onu da deyim ki, orta məktəbdə oxuyanda yerli qəzetlərdə ara-sıra yazılarım çıxırdı.

 

- Jurnalistikaya maraq göstərən bir insan sonra necə hakim olmağa qərar verdi? Fitin qələmdən daha kəsərli “silah” olduğunu düşündüyünüz üçün belə etdiniz, yoxsa başqa səbəb var idi?

- Uşaq olanda dayılarım tez-tez qonşu rayonlara futbol oynamağa gedirdilər. Mən də xəlvətcə avtobusa minib, onlarla gedirdim və oyunlara baxırdım. Rayonlarda yerli komandaya hakimlər tərəfkeşlik edirdilər. Məndə neqativ hisslər oyanırdı ki, niyə düzgün hakimlik eləmirlər? O vaxtdan hakimliyə marağım yarandı. Özüm də futbol oynayırdım. O vaxt “Məhsul” cəmiyyətinin birinciliyi keçirilirdi. Həmin oyunları idarə edən hakimlərə hərdən hirslənirdim. Çox mübahisə edirdim. Yavaş-yavaş futbol oyun qaydalarını da öyrənməyə başlamışdım. Həmin turniri keçirən, hazırda AFFA-nın nümayəndəsi olan Ramiz Abdullayev dedi ki, hakimlərin üstünə nə qışqırırsan, elə güclü bilirsənsə, sabah gəl, yarımfinal oyununu özün idarə elə. Dedim gələrəm. Səhərisi gəldim yarımfinal matçını yaxşı idarə etdim. Dedilər bundan yaxşı hakim olacaq. Hakimliyə marağım 9-cu sinifdən yarandı. Amma birinci arzum jurnalist olmaq idi və beynimdən çıxmırdı.

 

- Səhv etmirəmsə, Özbəkistanda təhsil alası olmusuz...

 

- Bəli. Elə o arzu ilə Daşkənd Dövlət Universitetinə qəbul oldum. Orda tarix fakültəsində oxuyurdum. Maraqlıdı ki, tələbəlik illərində də hakimlik etdim. Orta məktəblərin birində

təcrübədə idik. Həmin məktəb futbol təmayüllü məktəb idi. İnandırım sizi, dərs dediyim sinifdən 6 nəfər SSRİ yığmasına oyunçu düşmüşdü. Orda turnir keçirilirdi, amma hakim yox idi. Mən dedim ki, bacarıram, idarə edə bilərəm. Razılaşdılar. SSRİ çempionatının oyunlarını idarə edən Vladimir Masyaqin var idi. Onun oğlu həmin matçda iştirak edirdi, gəlmişdi oyununa baxmağa. Ətrafdakılardan soruşmuşdu ki, görüşü idarə edən kimdi? Demişdilər ki, bizdə dərs deyir, təcrübədədi. Oyun qurtarandan sonra Masyqin özü mənə yaxınlaşdı, onu tanımırdım. Dedi ki, sabah saat 10:00-da “Start” stadionuna gəl. Getdim. 6 aydan sonra SSRİ çempionatının ikinci dəstəsinin oyunlarını idarə etməyə başladım. Bir dəfə SSRİ çempionatının 9-cu zonasında “Bakılı” (Bakı) – “Metallurq” (Rustavi) görüşünü idarə edəsi oldum. “Bakılı”da məşqçi Rafiq Əlizadə idi. Bilmədilər ki, mən azərbaycanlıyam. Çünki Daşkənddən gəlmişdim, Özbəkistanı təmsil edirdim. Qonaqlar 3:2 hesabı ilə qələbə qazandılar. İnspektorum da beynəlxalq dərəcəli hakim İvan Rukyanov idi. Ondan da yüksək qiymət aldım və hər şey inkişaf edən xətt üzrə davam etdi. Sonra SSRİ çempionatı dağıldı və Bakıya gəldim, hakimliyi burda davam etdirdim.

 

- Gəncliyiniz necə keçib? Xaqani Məmmədov cavanlığın dadını çıxara bilibmi?

 

- Hamı necə, mən də elə. Şikayət eləmirəm, normal keçib.

 

- Ailə qurmamağınız nə ilə bağlıdı?

 

- Elə bir ciddi problem yoxdu, olmayıb da. Sadəcə, mənim bir xasiyyətim var ki, hansı işin qulpundan yapışırımsa, istəyirəm ki, onu ən yüksək səviyyədə yerinə yetirim. İli ilə, ayı aya, günü günə sata-sata, vaxt gəldi, keçdi. Fikirləşirdim ki, karyeramı qurum. Qarşıma məqsəd qoymuşdum ki, FİFA hakimi olacam. Doğrudan da, məqsədimə çatdım. 11 il FİFA hakimi adını daşıdım. Karyera birinci, ailə ikinci planda oldu. Evdən də tələsdirirdilər, həmişə məzəmmət edirdilər. Deyirdim ki, hələ vaxt var. Belə-belə illər keçdi.

 

- Karyeranızı birinci planda tutub, ailə qurmadığınıza görə indi heç peşmansızmı?

- Əlbəttə ki, peşmanam. Ailə mütləq olmalıdı.

 

- Hər insanın həyatında ilk məhəbbət yadda qalan olur. Xaqani Məmmədovun ilk məhəbbəti nə vaxt olub?

 

- (Gülür). Məktəb illərində də olub, tələbəlik dövrümdə də. Elə indi də var (gülür). Kim desə ki, mən bir dəfə sevmişəm, yalandı. İnsan həyatında bir neçə dəfə sevir.

 

- Yəqin ki, ömrünüzün sonuna kimi subay qalmağı düşünmürsüz…

 

- Qəti. Yaxın vaxtlarda buna son qoyulacaq (gülümsəyir). Tam səmimi deyirəm.

 

- Xeyir iş təxminən nə vaxt gözlənilir?

 

- Vallah, məndən asılı deyil. Onun cavabını gözləyirəm (gülür).

 

- Bu mövzunu elə burda saxlayıb, keçək digər suallara. Adətən oğlan uşaqlarından "Böyüyəndə kim olmaq istəyirsən?" soruşanda, çoxu "Müstəntiq, hakim" cavabını verir. Düzdü, siz hakim olmusuz, amma o hakimdən yox...

 

 

- Mən də elə cavab verirdim. Anam məni həkim görmək istəyirdi. 4-cü sinifdə oxuyanda deyirdim ki, prokuror olacam. 7-ci sinifdən sonra isə kim olacağımı müəyyənləşdirdim və axıra qədər də o məqsədlə irəlilədim.

 

- Meydanda az qırmızı vərəqə göstərməmisiz. Bəs adi həyatda hansı insanlar vərəqənizin qırmızı üzünə tuş gəlib?

 

 

- Çətin, çoxşaxəli sualdı. Buna gərək ətraflı cavab verəsən. Mənim əsas həyat prinsiplərimdən biri səmimilikdi. Ətrafımdakıları həmişə səmimi görmək istəyirəm. İnsan ki, səmimi oldu, bütün müsbət keyfiyyətlər onda olacaq. Qeyri-səmimi insanları görməyə gözüm yoxdu. Onlara nifrət edirəm. Üzünə gülüb, arxanca başqa iş görənlər var. Bu, tamamilə qeyri-səmimilikdi. Mənim mənfi, səhv cəhətimi birbaşa üzümə deyən insanları xoşlayıram. Həmişə deyirəm ki, tənqid eləyin. Amma bəzən o tənqid təhqirə keçir və ya həddini aşır. O, artıq tənqid yox, qərəzdi.

 

 

- Ətrafınızda qeyri-səmimi insanlar çoxdumu?

 

- Çoxdu. Futbol aləmində qeyri-səmimi insan çoxdu. Heç kim deməsin ki, yox, belə deyil. Mənim də ətrafımda belələri var.

 

- Həyatda nəyi, hansı hərəkətinizi özünüzə hələ də bağışlamırsız?

- Açığı, elə bir kobud səhvə yol verməmişəm. Təbii ki, vaxtında ailə qurmalıydım. Hesab edirəm ki, ən böyük peşmançılığım, səhvim də elə odu. Başqa qəbahət bir iş görməmişəm ki, indi özümü bağışlamayım.

 

- Hər insanın qorxduğu nəsə olur. Siz nədən qorxursuz?

 

- Böhtandan, şərdən, yalandan. Bizim işimizdə bunlar populyar adət olub.

 

- Dostunuz çoxdu, ya düşməniniz?

 

- Dostum. Təbii ki, əsl dost mahnıda deyildiyi kimi, ya bir olar, ya iki. Sınanmış dostlar çox azdı. Amma gərək səmimi olum. Futbol aləmində, mənim hazırkı iş vəziyyətimi də nəzərə alsaq, düşmənlərim də çoxdu. İşim, tutduğum vəzifə heç də hamıya xoş gəlmir.

 

- Həyatda ən çox güvəndiyiniz insan kimdi?

 

- Atam idi. Çoxdan rəhmətə gedib. Həmişə onunla fəxr eləmişəm. İndiki məqamda isə güvəndiyim insan ancaq anamdı.

 

- Pul sizin üçün nədi?

 

- Əl çirki. Başqa nə deyim? Kim deyər ki, mən puldan imtina edirəm və ya pulu sevmirəm? Yaşamaq üçün ən vacib şey puldu. Amma onu gərək halal, təmiz yolla qazanasan.

 

- İlk maaşınızı nə vaxt almısız və məbləğ nə qədər olub?

 

- Xatırlayıram. İlk maaşımı 1979-cu ildə almışam. Universitetə qəbul olmayandan, imtahandan kəsiləndən sonra dərhal rayona qayıtdım və atamgilin idarəsində fəhlə işlədim. 18 yaşım var idi. Bir neçə ay fəhləlik etdim. Səhv etmirəmsə, 120 manat almışdım.

 

 

- Maraqlıdı, həmin pulu evə verdiniz, yoxsa özünüzə xərclədiniz?

 

- Yalan deməyəcəm, bir qəpiyini də evə vermədim (gülür). Nəyə xərclədiyim isə yadımda deyil. Amma onu bilirəm ki, özüm üçün xərclədim.

 

- Etmək arzusunda olduğunuz, ancaq edə bilmədiyiniz çox şey var?

 

- Çox maraqlı sualdı (düşünür). Etmək istədiyim, ancaq edə bilmədiyim... Çempionlar Liqasının, o vaxtkı UEFA Kubokunun daha mötəbər oyunlarını idarə edə bilmədim. Bilirsiz, mən, Asim Xudiyev və Tahir Süleymanov FİFA hakimi adını alan birincilər idik.

Biz mətbəxi hələ o qədər də yaxşı bilmirdik. Qabağa getmək üçün nə etmək lazımdı, nəyin üzərində işləməliyik, bunlardan xəbərsiz idik. Bizdən sonra gələnlər isə bunları bilirdilər, çünki onlara yol göstərirdik. Adi həyatda isə yeganə belə məqam bayaq dediyim kimi, vaxtında ailə qurmamağımdı.

 

- Tək yaşayan insan hər şeyi özü edir. Yemək də bişirir, paltar da yuyur, ütüləyir də. Nəzərə alsaq ki, tək yaşayırsız, deməli, sizin də bu kimi bacarığınız olmalıdı...

 

- Çox gözəl bacarığım var. İstər yemək bişirməkdə, istərsə də digər işlərdə. Paltar yumağı yox, ütüləməyi xoşlayıram. İstənilən yeməyi bişirməyi bacarıram. Təbii ki, çox ağır yeməkləri çıxmaq şərtilə. Amma 90 faizini bişirirəm. Tələbəlik illərində öyrənmişəm. Özümün bişirdiyim borşu çox bəyənirəm. Bir sözlə, əla borş bişirirəm.

 

- İndinin özündə də mətbəxə keçib, yeməyi özünüz bişirirsiz?

 

- İndi yox. Evdə ancaq səhər yeməyi yeyirəm. Naharı AFFA-da edirəm, axşamlar isə anamgilə gedib, şam yeməyini orda yedikdən sonra öz evimə yollanıram.

 

- Həyatda çox çətinlik görmüsüz?

 

- Həyatım nə rahat keçib, nə də deməzdim ki, çox çətinlik görmüşəm. Ən çətin anlarım hakimliklə bağlı olub. Səhv buraxanda çox həyəcan keçirirdim. Sizə bir sirr açacam, bunu hələ mətbuatda deməmişəm. Bəlkə də inanmayacaqsız, amma faktdı. "Kəpəz"lə "Şəmkir" komandalarının güclü vaxtları idi. Gəncədə bu komandalar arasında yarımfinal oyunu keçirilirdi. Matçdan öncə tərəziyə çıxdım, çəkim 71 kiloqram idi. Oyundan sonra çəkim sizcə, nə qədər olar? 67 kq. Bir oyunda 4 kilo çəki atmışdım. Bunun hamısı gərginlik, həyəcanla bağlı idi. Həmişə gənc hakimlərimizə deyirəm ki, fasilədə alt maykanı, köynəyi sıxanda su axmadısa, deməli, qaçmamısız. Təbii ki, 4 kq çəki atmağım təkcə qaçmaqla yox, bayaq dediyim kimi, həyəcanla bağlı olmuşdu. Bir komandada Ağasəlim Mircavadov, o birində Mehman Allahverdiyev işləyirdi. O vaxt təzyiqlər də çox idi. Oyundan sonra çəkimi görəndə köməkçilərim gözlərinə inanmadılar. İndi hakimlərimiz oyun idarə edəndə onlardan çox mən həyəcan keçirirəm. Çünki hər səhvə görə mənə söz gəlir. Hakimlər üçün hər şey edirik. Onların əvəzinə meydana çıxıb oyun idarə edəsi də deyilik ki?

 

- Xaqani Məmmədovun ən güclü "silah"ı nədi?

 

- Ağlıma, savadıma arxalanıram. Həmişə bunu hesabına kimlərinsə cavabını verirəm və ya vəziyyətdən çıxıram.

 

- Hakimlikdə əsas tələblərdən biri bitərəf olmaqdı. Bəs həyatda necə, bitərəfliyi qoruyub saxlaya bilirsizmi?

 

- Həmişə qoruyub saxlamışam. Heç vaxt mənə deməyiblər ki, niyə filankəsin tərəfini saxlayırsan? Buna heç vaxt imkan verməmişəm, vermərəm də. Gözümün işığı da olsa, səhvi varsa, deməliyəm. Çünki düzlük tərəfdarıyam.

 

- Cəmiyyətdə sizə qarşı münasibət birmənalı deyil. Tərəfinizi saxlayanlar da var, ancaq sizi sevməyənlər daha çoxdu. Sizə qarşı bu qıcıq nədən irəli gəlir?

- Bizim verdiyimiz açıqlamalar heç də hamının xoşuna gəlmir, heç də hamı onu birmənalı qarşılamır. Kimin üçünsə yaxşıdı, kimin üçünsə pis. Bəziləri hesab edir ki, onlara qarşı ədalətsizlik, qeyri-obyektivlik olub. Bu, onların fikridi. Elə hakimlərin özlərindən kim ki, başqa yola qurşanıb, onu yola salmışıq, uzaqlaşdırmışıq. Təbii ki, onun xoşuna gəlməyə bilərəm. Çünki karyerasına son qoyduğumu düşünür. Ancaq biz indiyə qədər heç kimi

haqsız yerə hakimlikdən kənarlaşdırmamışıq. Biz istəmərik ki, yaxşı hakimi uzaqlaşdıraq. Nə qədər çox yaxşı hakim olsa, bir o qədər güclü rəqabət olar. Bu nöqteyi-nəzərdən sevməyənlər də var, məni özünə düşmən hesab edənlər də.

 

- Özünüzdə bəyənmədiyiniz cəhət hansıdı?

 

- Özümdən tez çıxıram. Əsasən də haqqımda ədalətsiz danışılanda tez əsəbləşirəm. Amma müəyyən bir müddət keçəndən sonra sakitləşirəm.

 

- Qərəzli olmaqda, rüşvət almaqda az günahlandırılmamısız. Elə məqamlarda cavabınız nə olub?

 

- Həmin insanlara heç cavab verməmişəm. Özümdə fikirləşmişəm ki, haqq-ədalət gec-tez öz yerini tutacaq və tutub da. Bir də ki, mübahisə etməyi xoşlamıram. Düz olduğumu hesab edirəmsə, qətiyyən mübahisə eləmirəm. Bu gün bizi tənqid edənlər o qədər çoxdu ki, onlarına hamısına cavab versəm, işim yarımçıq qalar. Çalışıram ki, mənasız tənqidlərə cavab verməyim. Onu deyənlərin səviyyəsinə düşmək istəmirəm. Qlobal bir şey olanda isə gözləyib, sənədlərlə tutarlı cavab verirəm. Mən həmişə faktla danışmağı xoşlayıram.

 

- Xaqani Məmmədov hansı günü həsrətlə gözləyir?

 

- Yenə o məsələ (gülür). Ailə qurmağı nəzərdə tuturam. İndi bir nəfər bu müsahibəni oxuyacaq... Mənə maraqlıdı, oxuyandan sonra onun reaksiyası necə olacaq? (gülürük).

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar

Tarixin ən yaxşı  10 qapıçısı - SİYAHI

Tarixin ən yaxşı 10 qapıçısı - SİYAHI

19 iyul 2024 , 12:52
La Liqada ən çox maaş alan  futbolçu açıqlandı - Mbappe deyil

La Liqada ən çox maaş alan futbolçu açıqlandı - Mbappe deyil

19 iyul 2024 , 11:19
"Barselona" bombardiri  alır - kimi satacaq?

"Barselona" bombardiri alır - kimi satacaq?

19 iyul 2024 , 09:35
Formula-1-in 13-cü mərhələsi Macarıstanda başlayır

Formula-1-in 13-cü mərhələsi Macarıstanda başlayır

19 iyul 2024 , 05:17
"Zirə" Avropa Liqasında mübarizəni DAYANDIRDI

"Zirə" Avropa Liqasında mübarizəni DAYANDIRDI

18 iyul 2024 , 22:54
Mbappe Peresi SEVİNDİRMƏK  istəyir

Mbappe Peresi SEVİNDİRMƏK istəyir

18 iyul 2024 , 21:21
“Everton”un  əfsanəsi   “Liverpul”da 

“Everton”un əfsanəsi “Liverpul”da 

18 iyul 2024 , 19:51
Türkiyə Futbol Federasiyasınin yeni prezidenti  seçildi

Türkiyə Futbol Federasiyasınin yeni prezidenti seçildi

18 iyul 2024 , 19:47