“Xəzər Lənkəran” futbol komandasının sabiq qapıçısı Toni Doblas İtaliya A seriyasında çıxış edən “Napoli” klubuna keçib. Lent.az-ın məlumatına görə, 34 yaşlı qolkiperlə iyunun 30-dək anlaşma əldə edilib.
İspaniyalı qapıçı tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkib. Onun keçidi “Napoli”yə havayı başa gəlib. Səbəb Doblasın “Xəzər Lənkəran”la anlaşmasını qarşılıqlı razılıq əsasında pozması olub. Təcrübəli qolkiper Lənkəran klubu ilə 2013-cü il yanvarın 31-də ilyarımlıq müqavilə bağlasa da, ötən yay Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə İsrail “Makkabi”sinə 0:8 hesablı məğlubiyyətdən sonra qovulub.
Qeyd edək ki, “Napoli” hazırda İtaliya A seriyasında 25 turdan sonra 51 xalla 3-cü pillədə qərarlaşıb və lider “Yuventus”dan 15 xal geridə qalır. Əfsanəvi Dieqo Maradonanın sabiq komandası Avropa Liqasında isə 1/8 finala yüksəlib. Lakin Toni Doblas Neapol klubuna Avroliqada kömək edə bilməyəcək. Çünki artıq Avropa kubokları üçün sifariş müddəti başa çatıb. Digər tərəfdən, o, 2013-2014-cü il mövsümündə turnirin təsnifat mərhələsində “Xəzər Lənkəran”ın heyətində meydana çıxıb. “Napoli”nin əsas qapıçısı Rafael Kabral İngiltərənin “Suonsi” klubu ilə Avroliqadakı ilk 1/16 final matçında zədələnərək, mövsümün sonunadək sıradan çıxır. Hazırda bu komandanın qapısını Pepe Reyna qoruyur. Digər qolkiper – 39 yaşlı Roberto Kolombo isə ehtiyatda qalır.