“Qəbələ” və “Neftçi”nin rəqibləri bəlli oldu
Avropa Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək püşkatması ərəfəsində UEFA iştirakçıları qruplara bölüb.
APA-nın məlumatına görə, həmin raundda II təsnifat mərhələsinin 37 cütünün qalibi, Çempionlar Liqasında eyni mərhələnin Liqa yolunun 2 cütündə uduzan komandalar, həmçinin mübarizəyə bu turdan başlayan 13 klub qüvvəsini sınayacaq.
Püşk öncəsi 39 cüt və 13 komanda 5 qrupa bölünüb. Azərbaycan təmsilçiləri “Qəbələ” və “Neftçi”nin yer aldığı cütlərdə mümkün rəqiblərini tanıyıblar.
Əyalət klubunun Tbilisi “Dinamo”su ilə cütü 1-ci qrupun səpələnməmişlərindən biridir. Bu duelin qalibini püşkdə 5 mümkün variant gözləyir. Avropa Liqasının II təsnifat mərhələsinin “Hapoel Bier-Şeva” (İsrail) - “Kayrat” (Qazaxıstan), “Apollon” (Kipr) - “Şemrok Rovers” (İrlandiya), “Torino” (İtaliya) - "Debretsen" (Macarıstan) cütlərinin qalibləri, həmçinin Çempionlar Liqasının “Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan) qarşılaşmasında uduzan komanda və yarışa bu raunddan başlayacaq “Feyenoord” (Hollandiya) təmsilçimizin mümkün rəqibləridir.
“Neftçi”nin Tula “Arsenal”ı ilə cütünü isə 6 variant gözləyir. 5-ci qrupun səpələnmişi olan bu cütdə qalib gələcək komanda Avropa Liqasının 4 qarşılaşması və ya 2 komandadan biri ilə görüşəcək. Bunlar “Utrext” (Hollandiya) - "Zrinski" (Bosniya və Herseqovina), MOİK (Bolqarıstan) - “Osiyek” (Xorvatiya), “Lütsern” (İsveçrə) - “Klaksvik” (Farer adaları), "Honved" (Macarıstan) - "Universitatya” (Krayova, Rumıniya) cütləri, həmçinin “Trabzonspor” (Türkiyə) və “Bney Yehuda” (İsrail) klublarıdır.
Qeyd edək ki, püşkatma sabah İsveçrənin Nyon şəhərində baş tutacaq.
455