Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün son yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri Makedoniyanın “Şkendiya” klubu ilə görüşüb.
Görüş "qırmızı-qaralar"ın qələbəsi ilə başa çatıb. Hesabı Filip Ozobiç açıb. İlk yarı bu hesabla bitib. İkinci hissədə Araz Abdullayev fərqi artırıb. Rəqib 89-cu dəqiqədə fərqi azaltsa da, bu, "Qəbələ"nin qələbəsinə mane olmayıb.
Təmsilçimiz bunadək Albaniyanın “Partizani” klubuna 1:2 hesabı ilə uduzub, Rumıniya “Qaz Metan”ını 1 cavabsız qolla məğlub edib və Qazaxıstan “Ordabası”sı ilə qolsuz bərabərə qalıb. Oyun həm də Topaz Premyer Liqasında çıxış edən təmsilçilərimizin Türkiyədəki son yoxlama görüşüdü.
Əsası 1979-cu ildə qoyulan Tetovo şəhərinin klubu ötən mövsüm Makedonioya çempionatının gümüş medalını qazanıb. Komandanın son 4 ildə yüksələn templə əvvəl 5-ci, sonrakı illərdə 4-cü, 3-cü və 2-ci yerləri tutması diqqət çəkir. “Şkendiya” son mövsümdə ölkə kubokunun da qalibi olub.
Tarixində ilk dəfə kubok qazanan klub yeganə çempionluğunu 2010/11 mövsümündə bayram edib. “Şkendiya” cari mövsümdə Avropa Liqasının pley-offuna qədər irəliləyib. Tetovolular II təsnifat mərhələsində Azərbaycan klubu “Neftçi”ni də mübarizədən kənarlaşdırıb – 1:0, 0:0.
Yoxlama oyunu
24 yanvar
“Qəbələ” – “Şkendiya” (Makedoniya) - 2:1
Qollar: Filip Ozobiç, 38, Araz Abdullayev, 77 - Yuri Çolak, 89