Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək 62 komandadan 33-ü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizəyə birbaşa bu raunddan başlayacaq 18 komandaya Çempionlar Liqasının 15 uğursuzu da qoşulub.
Bu 33 komandadan biri Azərbaycan çempionu “Qarabağ”dır. Avstriya “Zalsburq”una uduzan və bununla da qitənin ən nüfuzlu turnirini tərk edən ağdamlılar mübarizəni daha zəif yarışda davam etdirəcək.
Pley-offun digər 29 iştirakçısı isə bu gün bilinəcək. Bunlar Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri olacaq. Azərbaycan kubokunun qalibi “Neftçi” də “Qarabağ” a qoşula bilər. Bunun üçün bakılılar Gürcüstan “Çixura”sını adlamalıdır.
Pley-offda oynayacağı bilinən 33 komandadan 19-nun səpələnmişlər səbətində olacağı dəqiqdir. Bu komandalar “zəiflər” arasında olan “Qarabağ”ın potensial rəqibləridir. Onlar arasında Çempionlar Liqasının 7 uğursuzu və birbaşa mübarizəyə başlayan 12 komanda var.
İtaliya “İnter”i, “Tottenhem”, “Vilyarreal”, Mönhenqladbax “Borussiya”sı da bu rəqiblərdəndir. Nisbətən münasib komandalar isə “Şerif” və “Dnepr”dir. Bu 19 komanda mərhələ adlayacağı halda “Neftçi”nin də potensial rəqibləridir.
Digər 14 komanda isə səpələnməmişlərdən olmağa namizəddir. Düzdür, onlardan bəziləri son anda güclülər sırasına düşə bilər. Buna bugünkü matçlarda sensasiyaların, aşağı reytinqli klubların qələbələri səbəb ola bilər. Amma bu dəyişiklik də yalnız bir neçə kluba təsir edə bilər.
Avropa Liqası
Pley-off mərhələsi
Səpələnmişlər
Birbaşa mübarizəyə qatılanlar
“İnter” (İtaliya), “Tottenhem” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tvente” (Hollandiya), “Metallist” (Ukrayna), PAOK (Yunanıstan), “Borussiya” (M, Almaniya), “Lokomotiv” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Rapid” (Avstriya), “Sürix” (İsveçrə), “Nasional” (Portuqaliya)
Çempionlar Liqasından gələnlər
“Seltik” (Şotlandiya), “Panatinaikos” (Yunanıstan), “Dnepr” (Ukrayna), “Dinamo” (Xorvatiya), “Sparta” (Çexiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova)
Səpələnməmişlər
Birbaşa mübarizəyə qatılanlar
“Sent-Etyen” (Fransa), “Rostov” (Rusiya), “Midtulland” (Danimarka), “Apollon” (Kipr), “Zvolle” (Hollandiya), “Lokeren” (Belçika),
Çempionlar Liqasından gələnlər
“Partizan” (Serbiya), “Feyenoord” (Hollandiya), “Debretsen” (Macarıstan), “Qrasshoppers” (İsveçrə), “Aktobe” (Qazaxıstan), AEL (Kipr), “QARABAĞ” (AZƏRBAYCAN), HİK (Finlandiya)