“Qarabağ”  3 nəfəri göndərir, Rəşadla danışıqlara başlayır
01 aprel 2014 12:28 (UTC +04:00)

“Qarabağ” 3 nəfəri göndərir, Rəşadla danışıqlara başlayır

Ağdamın “Qarabağ” klubu mövsümün sonunda 3 futbolçu ilə yollarını ayıracaq. Kluba yaxın mənbələrdən Lent.az-a verilən məlumata görə, bunlardan 2-si konqolu Ulrix Kapolonqo ilə gürcüstanlı Nikolas Gelaşvilidir.

 

Onlar ötən yay hücumçu mövqeyinə böyük ümidlərlə alınsalar da, etimadı doğrulda bilməyiblər. 3-cü futbolçunun adını isə dəqiqləşdirmək mümkün olmayıb.

 

Digər tərəfdən, “Qarabağ” müqaviləsi başa çatmaq üzrə olan, amma heyətində saxlamaq istədiyi futbolçularla da danışıqlara başlayıb. Artıq müdafiəçi Qara Qarayevlə danışıqlar uğurla başa çatıb. 22 yaşlı oyunçu ilə müqavilə daha 3 il uzadılıb.

 

Hazırda isə kapitan Rəşad Sadıqovla danışıqlara başlanılıb. Amma klub rəhbərliyi 32 yaşlı müdafiəçi ilə uzunmüddətli yox, 1 illik müqavilə bağlamaq istəyir.

 

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl isə Lent.az-a açıqlamasında xəbəri qismən təsdiqləyib: “Biz klubumuzla mövcud müqaviləsinin sonuna 1 ilədək qalan futbolçularımızla danışıqlara başlamışıq. Artıq Qarayevlə razılığa gəlmişik və onunla 3 illik yeni anlaşma əldə etmişik. Hazırda təkcə Rəşad Sadıqovla yox, digər futbolçularımızla, məsələn, Fərhad Vəliyev və Vüqar Nadirovla da danışıqlar aparırıq. Rəşad elə bir futbolçudur ki, onunla müqaviləni nəinki 1 il, hətta 5 il də uzada bilərik. Vəliyev və Nadirovla da uzun müddətə anlaşmağımız mümkündür”.

 

Əvəzində Çəlikəl hələlik heç bir futbolçu ilə yolları ayırmağa qərar vermədiklərini bildirib. Klub rəsmisinin sözlərinə görə, bu məsələyə mövsümün sonunda aydınlıq gələcək.

# 897
avatar

Oxşar yazılar