Türkiyənin “Qalatasaray” klubu Fransa “Lill”inin futbolçusu Orelyen Şedjunun transferi barədə açıqlama verib. Lent.az-ın İstanbul klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, mərkəz müdafiəçisi ilə 4 illik müqavilə bağlanıb.
Anlaşma 2013-2014-cü il mövsümündən qüvvəyə minəcək. Onun keçmiş klubuna 6,3 milyon avro, özünə isə hər mövsüm üçün 2,2 milyon avro, hər oyuna görə 10 min avro və imzalama haqqı (“podyomnı”) kimi 200 min avro ödəniləcək.
Qeyd edək ki, Orelyen Şedju 20 iyun 1985-ci ildə Kamerunda doğulub. O, uşaq yaşlarında ailəsi ilə birgə Avropaya köçüb. Şedju İspaniya “Vilyarreal”ının aşağı yaş qruplarından ibarət komandasında 2002-2003-cü illərdə çıxış etdikdən sonra Fransa “Po”suna keçib. Futbolçu 2004 – 2006-cı illərdə “Oser”in, 2006-2007-ci illərdə “Ruan”ın, 2007-2013-cü illərdə isə “Lill”in şərəfini qoruyub. O, “Lill”in heyətində 2011-ci ildə Fransa çempionu və ölkə kubokunun sahibi olub, Kamerun millisində isə 2010-cu il Afrika Millətlər Kubokunda və dünya çempionatında çıxış edib.