Türkiyənin “Qalatasaray” klubu Azərbaycanın 21 yaşadək yığmasının futbolçusu Timur Təməltaşla maraqlanır. Lent.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Almaniya “Kayzerslautern”inin ikinci komandasında çıxış edən Təməltaş geniş heyət üçün düşünülür.
21 yaşlı dayaq yarımmüdafiəçi Türkiyə Superliqasında “6+0+4” (cəmi 10 legioner, onlardan 6-sı meydanda, 4-ü tribunada) limitinin tətbiqindən sonra gündəmə gəlib. Türkiyə Futbol Federasiyasının bu qərarından sonra “sarı-qırmızılar” Avropa ölkələrindəki istedadlı türk əsilli futbolçuları heyətinə cəlb etmək niyyətinə düşüb.
Qeyd edək ki, əslən türk olan Timur Təməltaş 1992-ci il yanvarın 13-də Almaniyanın Sindorf əyalətində anadan olub. O, futbola 4 yaşında yerli komandada başlasa da, 8 yaşında ikən “Bayer”ə keçib. 2007-ci ildə Təməltaş “Alemaniya”ya transfer olub və 4 ildən sonra Leverkuzen komandasına qayıdıb. Hazırda gənc yarımmüdafiəçi “Kayzerslautern”in heyətində yer alıb. O, əvvəllər Almaniyanın 17 yaşadək yığmasında forma geyinib. İyunun 8-də isə Təməltaş Azərbaycan yığmasının heyətində Makedoniyanın 21 yaşadək millisinə qarşı forma geyinib.