“Neftçi”nin rəqibi: Satqın və mürtəd İsgəndər bəy - ARAŞDIRMA - FOTO
29 iyun 2013 11:19 (UTC +04:00)

“Neftçi”nin rəqibi: Satqın və mürtəd İsgəndər bəy - ARAŞDIRMA - FOTO

İyunun 24-də “Neftçi”nin futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”suna rəqib olacağı müəyyənləşdi. Bu komandanın isə Albaniyanın milli qəhrəmanı Georq Kastrioti Skanderbeunun şərəfinə adlandırıldığı məlum oldu. Lent.az Skanderbeunun kim olduğunu araşdırarkən maraqlı məqamların üstünə çıxdı...

 

Skenderbeu, yoxsa satqın İsgəndər bəy?

 

Georq Kastrioti Skanderbeu 6 may 1405-ci ildə anadan olub. O, Albaniya knyazı İohann Kastriotinin oğludur və girov kimi Osmanlı sultanı II Murada girov verilib. Orada Georq İslam dinini qəbul edərək, İsgəndər bəyə çevrilib. Bu ad ona Osmanlı İmperiyası qoşunlarının tərkibində bir çox döyüşdə igidliklər göstərməsi səbəbindən Makedoniyalı İsgəndərin şərəfinə verilib. Lakin bu İsgəndər o İsgəndərdən fərqli olaraq, satqın çıxıb. İsgəndər bəy Albaniyada yerli starşinalar tərəfindən başçı elan olunub və 1443-cü ildə üsyan qaldırıb. O, Qara Drin çayı yaxınlığındakı döyüşdə türk qoşunlarını məğlub edib. Sonra isə Macarıstanla sülh müqaviləsi bağlayaraq, mühasirədə olan Albaniyanın Kruya şəhərindən II Muradı çəkilməyə məcbur edib. Elə həmin il o, Kastrioti knyazlığının başçısı elan olunub.

 

Mürtəd

 

Tezliklə İsgəndər bəy islam dinindən də imtina edir. O, Kruya şəhərindəki ata malikanəsinin ailəsinin əlindən alınmasını bəhanə edərək, xristian dinini qəbul edir və növbəti üsyan qaldırır. 1444-cü ildə “mürtəd” Venesiya və Albaniya knyazları ilə hərbi-siyasi saziş bağlayaraq, Lyoj Liqası yaradır və Albaniya vilayətində osmanlı türkləri ilə 20 ilədək müharibə aparır. Onun qoşunları 1449 və 1451-ci illərdə osmanlı qoşunlarını məğlub edir. Nəticədə Sultan II Mehmet onu 1461-ci ildə Albaniya hökmdarı kimi tanıyır. Bu vaxt o, İsgəndər bəy yox, Kastrioti idi. Hətta 1453-cü ildə Konstantinopolu (indiki İstanbul) türklərin fəth etməsindən sonra o, II Mehmetlə Albaniya üçün sərfəli müqavilə imzalayır. 

 

Xəyanətkar

 

Kastriotinin “xidmət”ləri Neapol kralı Ferdinand tərəfindən də qiymətləndirilir. Neapol hersoqu Xeyirxah Reneyə köməyi qarşılığında ona San-Petro hersoqu titulu verilir. Roma Papası II Piyin xeyir-duası ilə Kastrioti 1463-cü ildə osmanlılarla müqaviləni pozur və II Mehmetin qoşunlarına zərbələr endirir. Fateh böyük qüvvə ilə onu susdurmaq istədikdə, Kastrioti 17 yanvar 1468-ci ildə malyariya xəstəliyindən ölür.

 

Belə milli qəhrəman olar?

 

Bunlar Albaniyanın özünə milli qəhrəman seçdiyi şəxsin iç cizgiləridir. Kruya şəhərində İsgəndər bəy Muzeyi, II Dünya Müharibəsində albanlardan ibarət 21-ci dağ diviziyası və hazırda Albaniya milli ordusu tərkibində diviziya, keçmiş SSRİ dövründə çəkilmiş “Albaniyanın dahi döyüşçüsü Skanderbeq” bədii filmi onunla bağlıdır. Albaniya Superliqasında son 3 mövsümün çempionu olan “Skenderbeu” da bu sıradandır. Klub 80 min əhalisi olan Korça şəhərini təmsil edir, 12 min nəfərlik stadionu da onun adınadır.  “Skenderbeu”nun emblemində də İsgəndər bəyin dəbilqəsi təsvir olunub.

 

# 2007
avatar

Oxşar yazılar