Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin daha bir görüşündə “Neftçi” ilə “Rəvan” komandaları üz-üzə gəlib. Lent.az-ın məlumatına görə, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib.
52-ci dəqiqədə Araz Abdullayev meydan sahiblərini hesabda irəli çıxarıb. Lakin 90+2-ci dəqiqədə Tyaqo de Souza “Rəvan”ın bərabərlik qolunu vurub. Matçdan sonra “Neftçi”nin baş məşqçisi cavab görüşündə bütün suallara aydınlıq gətirəcəklərini bildirib: “Rəqibin seçəcəyi taktikadan asılı olmayaraq “Neftçi” qələbəyə oynayacaq. “Rəvan” cavab oyununda qolsuz heç-heçəni saxlamağa çalışacaq. Lazım olsa, həmin oyunda 5 hücumçu ilə oynayacağam. “Rəvan”ı keçməmək mənim üçün faciə sayılacaq. Azərbaycan kubokunun finalına çıxmalıyıq”.
Hacıyev baş hakim Rauf Cabbarovun idarəçiliyi barədə isə bunları deyib: “Rauf Cabbarovun hakimlik etməsinə “Rəvan” etiraz edirdi. Amma Cabbarov elə “Rəvan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etmədi. Hakimlikdən nə qədər danışacağıq? Ən yaxşısı – susmaqdır”.
“Rəvan”ın baş məşqçisi Güvenc Kurtar da komandasının finala çıxacağına inam ifadə edib: “Kubokda iki oyun olur. Finala çıxacağımıza inanıram. Bu oyunda qol vurmaq istəyirdik və vurduq. Cavab oyununda üstünlüyümüz olacaq. İki futbolçumuz kart cəzalısı olduğu üçün cavab oyununda oynamayacaq”.
Qeyd edək ki, yarımfinal mərhələsinin daha bir oyununda “Qəbələ” “Xəzər Lənkəran”ı darmadağın edib – 3:0. Cavab görüşləri aprelin 24-də, final matçı isə mayın 22-də olacaq.