“Neftçi”də qaçaqaç
06 iyun 2013 16:33 (UTC +04:00)

“Neftçi”də qaçaqaç

“Neftçi” rəhbərliyi aparıcı futbolçusu Julius Vobayı komandada saxlaya bilməyib. Apasport.az saytının məlumatına görə, Syerra-Leone yığmasının 29 yaşlı yarımmüdafiəçisi karyerasını Kiprdə davam etdirəcək. 

Hərçənd, rəhbərlik əminliklə afrikalı legionerin komandada qalacağını iddia etsə də, Vobay bir neçə il əvvəl Avropada at oynadan APOEL-i “ağ-qaralar”dan daha peşəkar sayıb. 

Futbolçuya ölkəmizə gələnədək çıxış etdiyi Rumıniyadan, konkret olaraq keçmiş komandası Krayova “Universtatya”sında maraq olsa da, onun APOEL-ə keçidi təsadüfi deyil. 

Belə ki, Julius bu komanda ilə ötən ilin avqustunda Avroliqanın son təsnifat mərhələsində səfərdə 3:1 hesabı ilə qalib gəldikləri səfər oyununda uzaq məsafədən gözəl qola imza atmışdı. Üstəlik, Julius peşəkar futbolda ilk addımlarını məhz Kiprdə atıb və bir neçə klubda oynayıb.

Belə gedişlə “Neftçi” müqaviləsi bitən digər legioner Nikolas Kanalesi də saxlaya bilməyəcək. Vurduğu 26 qolla ötən çempionatın bombardiri olan 28 yaşlı çilili hücumçu bir sıra klubların maraq dairəsindədir. Bu üzdən Kanales “Neftçi” ilə yeni müqavilə bağlamağa tələsmir və çox güman daha səviyyəli komandaya keçəcək.

Qeyd edək ki, 2011-ci qışından ölkəmizdə oynayan Vobay “Xəzər Lənkəran”la Azərbaycan kubokunu qazanıb, “Neftçi” ilə “qızıl dubl” edib.

# 1189
avatar

Oxşar yazılar