Bayram Məmmədov: "Dünya Kubokuna hazırıq" - MÜSAHİBƏ
01 iyul 2013 18:17 (UTC +04:00)

Bayram Məmmədov: "Dünya Kubokuna hazırıq" - MÜSAHİBƏ

İyulun 2-də Bakıda hərbçilər arasında futbol üzrə Dünya Kubokuna start veriləcək. Yarışın Təşkilat Komitəsinin üzvü və koordinatoru, ehtiyatda olan polkovnik-leytenant Bayram Məmmədov hazırlıq prosesi və Azərbaycan millisinin imkanları ilə bağlı Lent.az-ın suallarını cavablandırıb…

 

- Dünya Kubokuna hazırsınız?

 

- İyulun 2-də saat 19:00-da Dünya Kubokunun təntənəli açılış mərasimi keçiriləcək. Hazırlıq işlərinə bir il öncədən başlanılıb. 133 ölkənin üzv olduğu Beynəlxalq Hərbi İdman Şurasının (CİSM – red.) Qurultayında və Baş Assambleyasında ilk dəfə keçiriləcək Dünya Kubokunun Azərbaycanda təşkilinə qərar verilib. Bundan sonra CİSM nümayəndələri Azərbaycana səfərlər ediblər və vəziyyəti yerindəcə öyrəniblər. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və AFFA-nın baş katibi Elxan Məmmədov, “İdman Azərbaycan” telekanalının rəhbərliyi ilə görüşlər keçirilib. Hazırlıq məsələləri planlaşdırıldıqdan sonra konkret fəaliyyətə başlanılıb. Yanvarda CİSM-in prezidenti, polkovnik Hamad Kalkaba Bakıya gələrək, dövlət başçısı İlham Əliyevlə, müdafiə naziri Səfər Əbiyevlə, gənclər və idman naziri Azad Rəhimovla, MOK və AFFA rəsmiləri ilə görüşlər keçirib və ardından ikitərəfli saziş imzalanıb. Sazişə əsasən, Azərbaycan tərəfdən Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də AFFA bu tədbirin keçirilməsinə birbaşa cavabdehdir. Müdafiə naziri Səfər Əbiyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Artıq Dünya Kubokuna tam hazır olduğumuzu deyə bilərik. 

 

- Oyunlar hansı stadionlarda keçiriləcək?

 

- Oyunlar üçün 4 stadion ayrılıb. Bunlar “Dalğa Arena”, “Bayıl Arena”, “Şəfa” və Zirə stadionlarıdır. Çempionatın açılış və final oyunları “Dalğa Arena”da baş tutacaq. Qaydalara əsasən, təşkilatçı ölkənin komandası kimi Azərbaycan və son dünya çempionu Əlcəzair Dünya Kubokuna birbaşa qatılıb. Açılış mərasiminin ardından – saat 21:00-da Azərbaycan və Mali komandaları üz-üzə gələcəklər. Ümumiyyətlə, bu iki komandadan başqa, İraq və Mali A, Əlcəzair, Fransa, Bəhreyn və Keniya B, Oman, Kot d İvuar, Almaniya və ABŞ C, Braziliya, Hollandiya, Qətər və Kamerun isə D qrupunda yer alıb. Qrup oyunlarına iyulun 8-də yekun vurulacaq. İyulun 10-da ¼ final, iyulun 12-də yarımfinal, iyulun 14-də 3-cü yer uğrunda və final matçları keçiriləcək.

 

- Milli komandamız yarışa necə hazırlaşıb?

 

- Yığmamız əvvəlcə müxtəlif məkanlarda məşq edirdi. Sonra Gənclər və İdman Nazirliyinin dəstəyi ilə komandaya  “Neftçi”nin keçmiş bazasında yataq, yemək və gündəlik məşq üçün şərait yaradıldı, avtobus ayrıldı. Artıq komandamız TTM-ə gəlib və digər yığmalarla birgə qalır. Yığma üzvlərinin yüksək səviyyədə qidalanmaları üçün şirkətlərlə müqavilə bağlanılıb. Sanki şadlıq evində, restorandadırlar. Bütün şəraitləri var. Səhər, günorta və axşam yeməkləri ilə vaxtı-vaxtında təmin olunurlar. TTM-də isti, soyuq su, idman bazası, zabitlər klubu, futbolçuların əylənmələri üçün bütün təşkilati işlər görülüb. Bu şərait bütün komandalara yaradılıb.  

 

- Azərbaycan yığmasının “Neftçi”nin keçmiş bazası ilə müqavilə müddəti bitdiyi üçün idman qurğusundan çıxarıldığı barədə xəbərlər də dolaşır…

 

- Ola bilsin, bu, kiminsə şayiəsidir. Belə bir məlumata malik deyiləm. Məncə, belə şey olmaz. Çünki Gənclər və İdman Nazirliyi, AFFA-nın baş katibi Elxan Məmmədov əllərindən nə gəlibsə, Müdafiə Nazirliyi ilə birgə dəstəyi veriblər. Komandaya bütün köməklik göstərilib. O işlərin hamısı üçün şəxsən gənclər və idman naziri Azad Rəhimov şərait yaradıb. Komandaya rahat avtobus verilib. Elxan Məmmədov daim komanda ilə maraqlanıb. Təlim-məşq toplantılarına nəzarət olunub. Bunlarla yanaşı, dünya çempionatına hazırlıqla bağlı sərəncam imzalanıb. Bütün əlaqədar nazirliklərə və idarələrə, Bakı şəhər icra hakimiyyətinə göstəriş verilib. Hər bir qurum Təşkilat Komitəsi ilə müntəzəm əlaqədədir və öz öhdələrinə düşən işi yüksək səviyyədə görür.

 

- Yeri gəlmişkən, milli komandaya verilən avtobusdan da narazılıq var…

 

- 2012-ci ildə Bakıda “Eurovision” Beynəlxalq Mahnı müsabiqəsi keçirildiyi vaxt iştirakçı ölkələrin nümayəndələrinə ayrılan avtobuslar indi komandaların ixtiyarındadır. Avtobuslarda bütün şərait yaradılıb.  

 

- Baş məşqçi Nazim Süleymanov da komandaya göstərilən münasibətdən razı qalmayıb…

 

- Elə incə sahələr var ki, o, hansısa fikir ifadə edə bilər. Bir baş məşqçi, peşəkar mütəxəssis kimi narazı qalması mümkündür. Bu, Nazim müəllimin baxışıdır. Məncə, iş olan yerdə, cüzi də narazılıq olmalıdır. Bunsuz inkişaf olmaz. Komandanın hazırlığına tam olaraq, baş məşqçi cavabdehdir. Amma hansı müraciəti ediblərsə, həmin andaca imkan daxilində köməklik göstərilib.  

 

- Digər komandalar 5 ulduzlu otellərdə yerləşdirildikləri halda, yığmamız nəyə görə TTM-də qalır?

 

- Qaydalara və CİSM-in prosedurlarına görə, bütün komandalar birgə qalmalıdırlar. Biz də o şəraiti yaratmışıq. Oman, Bəhreyn və Qətərdən başqa bütün ölkələrin yığmaları TTM-də qalırlar. Oteldə qalan ölkələrin özləri belə istəyiblər. Onlar imkanlı komandalardırlar. Özləri CİSM-in qurultayında bu məsələni qaldırdılar və dedilər ki, iyunun 20-dən Bakıya gələrək, yerli iqlimə uyğunlaşmaq məqsədilə burada hazırlıq keçmək istədiklərini bildirdilər. Biz təşkilatçı kimi iyunun 30-dan iyulun 17-dək müddətdə çəkilən bütün xərclərə cavabdehik. “Bacarana can qurban” deyiblər. Bu, onların öz istəyidir, CİSM rəhbərliyi də etiraz etmədi.

 

- Yığmamızın qarşısına hansı məqsəd qoyulub?

 

- Komandamız hazırlığını plana uyğun keçirib. Nazim Süleymanov yaxşı futbolçu olub, peşəkar, bacarıqlı mütəxəssisdir. Futbolçularla söhbətində özüm şahidi olmuşam: çox həyəcanlanır, öz üzərinə düşən məsuliyyəti hiss edir. Yoldaşlıq görüşlərində komandamız yaxşı təsir bağışlayıb. İnanırıq ki, komandamız yarımfinaladək irəliləyə biləcək və medalçılar sırasında yer alacaq. İlkin məqsəd yarımfinaladək irəliləməkdir. Rəqiblərin də güclü və Əlcəzair istisna olmaqla, 14-ü seçmə mərhələni uğurla adlayanlardan ibarət komandalardır.

 

- Digər ölkələrin də heyətində milli üzvləri var?

 

- Qaydalara əsasən, komandanın üzvü hərbçidirsə, həmin ölkənin hərbçilərdən ibarət yığmasında yer ala bilər. Bu baxımdan,  digər ölkə komandalarında da əsas yığmanın üzvləri çıxış edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078
avatar

Oxşar yazılar