“Mahir Şükürovla Elnur Allahverdiyev Azərbaycan millisindən kənarlaşdırılmalıdır”
29 may 2013 17:39 (UTC +04:00)

“Mahir Şükürovla Elnur Allahverdiyev Azərbaycan millisindən kənarlaşdırılmalıdır”

İdman Araşdırmalar Mərkəzi (İAM) mayın 28-də “Neftçi” və “Xəzər Lənkəran” futbol komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final matçından sonra baş verənlərlə bağlı bəyanat yayıb. Lent.az-ın məlumatına görə, bəyanatda yüksək təşkilatçılığa xoşagəlməz olayların kölgə saldığı vurğulanıb.

 

Qeyd olunur ki, Azərbaycan Cümhuriyyətinin yaranmasının 95 illiyinə təsadüf edən qarşılaşmaya xüsusi hazırlıq görülüb, Respublika günü Tofiq Bəhramov adına Respublika stadionunda həqiqətən də layiqincə qeyd edilib, tribunalardakı 20 mindən çox azarkeş isə 120 dəqiqəlik gərgin mübarizəyə şahidlik edib: “Təəssüf ki, penaltilər seriyasında “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin yol verdiyi təxribatçı hərəkət iki komanda arasında onsuz da ürəkaçan olmayan münasibətlərin daha da kəskinləşməsinə, meydanda toqquşmaların baş verməsinə gətirib çıxardı. Bununla da yüksək təşkilatçılıq az qala arxa plana keçdi və beləliklə, Azərbaycanda futbol mövsümü qalmaqalla yekunlaşdı. Halbuki Stamenkoviçin etdiyi hərəkət zamanı baş hakim Əliyar Ağayev ona sarı vərəqə göstərməklə, insidentin böyüməsinin qarşısını ala bilərdi. Bu zaman gənc FİFA referisinə təcrübəli köməkçiləri Fariz Yusifovla Vüsal Əliyev də yardımçı olmağa borclu idilər. Amma “Neftçi”nin qapıçısının təxribatçı davranışına, əvvəlki bir çox oyunda olduğu kimi, yenə göz yumuldu. Oyundan sonra baş verənlər isə Azərbaycan futbolu adına növbəti ləkə oldu. İki komanda arasındakı insidentdə klub rəsmiləri, əslində, barışdırıcı rol oynamalı idilər. Amma “Neftçi”nin idman direktoru Güloğlan Cabbarov, eləcə də klubun mühafizəçilərinin “Xəzər Lənkəran” komandası üzvlərinin üzərinə hücum çəkərək, onlara qarşı fiziki güc tətbiq etməsinə heç cür haqq qazandırılmamalıdır. Azərbaycan milli komandasının futbolçularından Mahir Şükürovla Elnur Allahverdiyevin iki klubun oyunçuları qismində bir-biri ilə dalaşması isə iyunun 7-də Lüksemburq yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək milli komandamızda ab-havaya təsirsiz ötüşməyə bilməz”.

 

İdman Araşdırmalar Mərkəzi hesab edir ki, AFFA Hakimlər Komitəsi “Neftçi” – “Xəzər Lənkəran” matçındakı hakimlik, İntizam Komitəsi isə “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç, eləcə də qarşıdurmada fəal iştirak edən futbolçular və klub rəsmiləri barədə ciddi ölçülər götürməli, Mahir Şükürovla Elnur Allahverdiyev milli komandadan müəyyən müddətə kənarlaşdırılmalı, nəhayət, oyun zamanı və sonra stadiona klub mühafizəçilərinin girişinə qadağa qoymalıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1109
avatar

Oxşar yazılar