“Barselona”nın hücumçusu Lionel Messi yeni klubla müqavilə bağlamağa hazırlaşdığı barədə informasiyanı şərh edib. Apasport.az saytının məlumatına görə, Messi “Barsa”nı tərk etməyə hazırlaşmadığını vurğulayıb.
Argentinalı hücumçu bildirib ki, azarkeşlər istəyənə qədər bu klubda oynayacaq: “Karyeramı Kataloniya klubunda başa vurmaq niyyətindəyəm. Çünki burada hər şey məni qane edir. Mənim növbəti rekordum? Əlbəttə, bu, çox gözəldir. Komandanın tarixinin bir hissəsinə çevrilmək vəcdə gətirir. Bu gün mən rekord vurdum və buna çox şadam. Özümü yaxşı hiss edirəm. Addım-addım köhnə formamı bərpa edəcəyəm. Zədələrim olanda çətin vaxtlar yaşamaq məcburiyyətində qaldım. Ümid edirəm ki, mövsümün sonuna qədər bu səviyyədə qalacağam. İndi artıq əminliklə demək olar ki, 100 faiz bərpa olunmuşam”.
Xatırladaq ki, son turda “Osasuna”nın qapısından 3 top keçirən Messi “Barselona” tarixində ən məhsuldar oyunçuya çevrilib. O, komandanın tərkibində bütün turnirlərdə 370 qol vurub.