“Heydər zirvəsi”nə yürüş başladı
03 may 2013 11:29 (UTC +04:00)

“Heydər zirvəsi”nə yürüş başladı

Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar 3-11 may tarixlərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil olunan kütləvi yürüşlərə start verilib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları tərəfindən Fəxri Xiyabanda Ümummilli Liderin xatirəsini yad etməklə başlanan yürüş Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərinə doğru istiqamət götürüb.

Qeyd edək ki, respublikanın bütün regionlarından yürüşlərdə iştirak etmək üçün müraciət edənlərin sayı 400-dən artıqdır. Kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xınalıq kəndi ərazisindən dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə gedən müvafiq marşrut Şahdağ Milli Parkının əməkdaşları tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilib, eyni zamanda kütləvi yürüşlərin tənzimlənməsini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Gənclər və İdman Nazirliyinin müvafiq əmri ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Valeri Bağırov yürüşün rəhbəri təyin edilib.

Heydər Əliyevin doğum günü ilə əlaqədar göstərilən tarixlərdə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə yürüş edən iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə  birdəfəlik giriş haqqından azad olunub. Heydər Əliyevin ad günü ərəfəsində “Heydər zirvəsi”nə təşkil olunan yürüşlər artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 992
avatar

Oxşar yazılar