Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan atçılığın konkur növü üzrə turnir keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalı çərçivəsində təşkil olunan “Heydər Əliyev Kuboku” Binə Atçılıq Mərkəzinin “Elite Horse & Polo Club”unda baş tutub.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan turnir 2 kateqoriya üzrə keçirilib. İlk olaraq çaparlar maneələrin hündürlüyü 125 sm təşkil edən yarışda mübarizə aparıblar. 12 çaparın qatıldığı turnirdə qalib adına Seyid Musayev layiq görülüb. “Sərhədçi”nin çaparı “Konkorde 57” ləqəbli atla daha az cərimə etdiyindən birinci pilləyə yiyələnib. İkinci yeri Rəşad Səmədov (“Elit”, “Çerova” ləqəbli atla), üçüncü pilləni isə Yahor Morotski (“Buta Qolden”, “Astrello”) tutub.
Kifayət qədər azarkeşin, həmçinin Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilərin izlədiyi turnirdə ikinci kateqoriya 30 dəqiqəlik fasilədən sonra başlayıb. Çaparlar bu dəfə hündürlüyü 145 sm maneələri keçməkdə məharətlərini göstəriblər. Morotski yenə üçüncü pillədə qərarlaşıb. İkinci yerin sahibi də dəyişməz qalıb - Səmədov. Tamaşaçıların xüsusi alqışladığı və azarkeşlik etdiyi Musayev isə ikinci yarışı da çempion kimi başa vurub. O, bu uğuru sayəsində “Heydər Əliyev Kubokuna” da yiyələnib. Musayevə xüsusi kuboku Elçin Quliyev təqdim edib.
Ümumi mükafat fondu 34 min manat təşkil edən “Heydər Əliyev Kuboku” 2018-ci ildə ölkəmizdə keçirilən yarışlar arasında ən yüksək kateqoriyaya malikdi. Bu barədə danışan ARAF-ın baş katibi Bəhruz Nəbiyev bildirib ki, turnir açıq xarakter daşıdığından əcnəbi jokeylər də qüvvələrini sınayıblar: “Ümumilikdə 25 atın iştirakını izlədik. Bu, 2018-ci ildə keçirilən konkur yarışlarının ən yüksək kateqoriyasını təşkil edirdi. Turnirə Azərbaycanda fəaliyyət göstərən 7 fərqli klub qatılmışdı. Onlardan bəziləri öz heyətlərinə Belarus və Türkiyədən də idmançılar cəlb etmişdilər”.
Nəbiyev ölkəmizdə sevilən və inkişafda olan atçılıq idmanının gələcək planlarını da açıqlayıb. Onun sözlərinə görə, yeni ildə əsas diqqət Olimpiya lisenziyasına yönələcək: “Tokio-2020 yaxınlaşır. Bu səbəbdən gələn ilin yanvarından xalların toplanması ilə bağlı 14 aylıq müddət elan olunacaq. Bu istiqamətdə artıq bizim müxtəlif planlarımız var. 4 idmançını həm şəxsi, həm də komanda şəklində Avropanın müxtəlif şəhərlərində keçiriləcək 500-dən artıq beynəlxalq turnirdə iştirakını nəzərdə tutmuşuq”.
O, sözlərinə çaparların hamısını yerli olacağını da əlavə edib.
İyunun 2-dən başlayan və 4 müxtəlif növ üzrə keçirilən Milli Atçılıq Festivalının qarşıdakı günlərində növbəti qaliblər bilinəcək. Konkur növündən öncə cıdır yarışları başa çatıb. Sabah Bakı Dövlət Cıdır Meydanın çövkən növündə final baş tutacaq. İyunun 15-17-də isə polo üzrə Azərbaycan, Almaniya, İrlandiya və Hindistan klublarının iştirakı ilə Dünya Kuboku olacaq.