Türkiyə milli komandasının və “Fənərbağça”nın futbolçusu Caner Erkin Almaniya “Bavariya”sı ilə ilkin müqavilə imzalayıb. Lent.az-ın “Habertürk”ə istinadən məlumatına görə, Çempionlar Liqasının son qalibi 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik anlaşma əldə edib.
Sövdələşməyə əsasən, Canerin illik əmək haqqı 2,5 milyon avro təşkil edəcək. Ona müasir villa, son medal avtomobil və digər imkanlar təklif olunub. Futbolçu təklifə 90 faiz razılıq versə də, “Fənərbağça” rəhbərliyinin onunla yeni müqavilə imzalayacağına da ümid edir. Erkinin hazırkı anlaşması mövsümün sonunadək nəzərdə tutulsa da, İstanbul klubu sövdələşməni uzatmağa tələsmir.
Digər tərəfdən, son zamanlar Türkiyə mətbuatı yarımmüdafiəçinin həyat yoldaşının pop müğənnisi Berkayla görüşdüyünə dair müntəzəm xəbərlər dərc edir. Caner bu xəbərlərə səbirlə münasibət bildirsə də, İstanbulda özünü rahat hiss etmir.
Qeyd edək ki, Caner Erkin daha öncə İngiltərənin “Arsenal”, “Liverpul”, “Tottenhem” və İtaliyanın “Roma” klubunun təkliflərini geri çevirib.