Türkiyənin “Fənərbağça” klubunda çıxış edən akademik avarçəkənimiz Cavid Əfəndiyev 2 ildən sonra Azərbaycan milli komandasına qayıdıb. Bu haqda Lent.az-a 23 yaşlı idmançının özü məlumat verib.
Əfəndiyev bildirib ki, ötən ay İstanbuldan ölkəmizə məzuniyyətə gəldiyi vaxt Azərbaycan Milli Avarçəkmə Federasiyasından ona zəng gəlib. Federasiya rəhbərliyi avarçəkənimizdən millimizə dönməyi təklif edib: “Mən də öz şərtlərimi irəli sürdüm. Şərtlərim qəbul olunduqdan sonra 1 illik müqavilə bağlamağa razılaşdım”.
İdmançımızın sözlərinə görə, onun millimizdə çıxışına “Fənərbağça” da mane olmayıb: “Azərbaycan millisinə qayıtsam da, bu klubun üzvü olaraq, qalıram. “Fənər” hansısa yarışa qatılsa, mən də iştirak edəcəyəm. Klub rəhbərliyi öz ölkəmin şərəfini qorumaq istəyimi müsbət qarşıladı”.
Əfəndiyev ölkəmizdə yığmamızın sabiq baş məşqçisi Samir Məmmədovun rəhbərliyi altında hazırlıq keçir. Onlar ötən həftəsonu Böyük Moskva Reqatasında iştirak ediblər. Avarçəkənimiz finaladək irəliləyib və yekunda 5-ci yeri tutub: “Moskvaya yollananda tam hazır vəziyyətdə deyildim. Çünki məşqləri cəmi 10 gün idi bərpa etmişdim. Bununla belə, finala yüksəlməyi bacardım”.
Təmsilçimizi iyulun sonlarınadək 2 yarış gözləyir. Əfəndiyev əvvəlcə 28 – 30 iyunda Litvanın Trakay şəhərində keçiriləcək “Amber Oars” (“Kəhrəba Avarlar”) beynəlxalq reqatasında, 12 – 14 iyulda isə Dünya Kubokunun III mərhələsi gözləyir.
Avarçəkənimizin əsas hədəfi isə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdan ibarətdir. Amma olimpiadada onun çıxış etdiyi 1 nəfərlik yüngül çəkili qayıqla mübarizə nəzərdə tutulmayıb. Bu səbəbdən, Əfəndiyev 2 nəfərlik qoşa avarlı yüngül çəkili olimpiya qayığı ilə yarışmaq niyyətindədir. Belədə isə o, hansısa avarçəkənlə duet təşkil etməli olacaq: “Azərbaycanda bu cür yüksək hazırlıqlı idmançı yoxdur. Yəqin ki, legionerin xidmətindən yararlanmaq lazım gələcək”.
Qeyd edək ki, Cavid Əfəndiyev bu yaxınlarda Lent.az-a müsahibəsində Azərbaycanı tərk etməsinin səbəbini ölkəmizdə ona lazımi şəraitin yaradılmaması ilə əlaqələndirib: “Mənim Azərbaycan millisinin heyətində müəyyən nəticələrim var. 2009-cu ildə Böyük Moskva Reqatasının qalibi olmuşam. 2010-cu ildə Belarusun Brest şəhərində keçirilmiş 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında 2 nəfərlik yüngül çəkili qoşa avarlı qayıqla yürüşdə finaladək yüksələrək, 6-cı yeri tutmuşam. 2011-ci il Dünya Kubokunun mərhələ yarışında böyüklər arasında eyni nəticəni göstərmişəm. Bununla belə, mənə lazımi şərait yaradılmayıb. Cəmi 150 manat maaş verirdilər. Ali məktəbə qəbuluma kömək edəcəklərinə söz vermişdilər, amma yerinə yetirmədilər. 2 il öncə Hollandiyanın paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatından öncə Almaniyadakı təlim-məşq toplantısından vətənə qayıtdım. Və qərara aldım ki, bundan sonra yığmadan birdəfəlik gedim. Maaşımı heç olmasa, 500 manata qədər qaldırsaydılar, qalardım”.