“Çelsi”nin ömürlük prezidenti öldü
İngiltərənin “Çelsi” futbol klubunun ömürlük prezidenti lord Riçard Attenboro vəfat edib
Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, təkcə “Çelsi” azarkeşləri tərəfindən deyil, eləcə də komandanın rəqibləri tərəfindən sevilən aktyor, mesenat və parlaq şəxsiyyət olan Attenboro 91 yaşında dünyasını dəyişib.
Lord Attenboro “Çelsi”yə hələ gənc aktyor olan zaman gəlib. “Brayton qayası” filmində iştirak üçün aktyora fiziki formasını qaydaya salmaq tələb olunub. O, bir neçə həftə “Çelsi” ilə məşq edib və komandanın oyunçuları, ilk növbədə hücumçu Tommi Lautonla dostlaşıb. Bir müddət sonra Lauton başqa komandaya keçib. Attenboro isə “Çelsi”nin sadiq fanatı olaraq qalıb.
O, klub üçün parlaq keçən 70-ci illərdə “Çelsi”nin direktoru olub. Üstündən onilliklər küçəndən sonra isə “Stemford Bric” stadionunun komandadan alınmasına mane olub. Lord Riçard Attenboro kino və futboldan əlavə xeyriyyəçiliklə də aktiv məşğul olub. “Çelsi”nin rəsmi xeyriyyə fondunu da o yaradıb.
Lord Attenboro 91 yaşının tamam olmasına 5 gün qalmış avqustun 24-də vəfat edib. “Çelsi” klubun ömürlük prezidentinin xatirəsini yad etmək üçün növbəti oyununa qara sarğı ilə çıxacaq.
1119