“Beşiktaş”ın növbəti mərhələ ümidi Londona qaldı
20 avqust 2014 02:49 (UTC +04:00)

“Beşiktaş”ın növbəti mərhələ ümidi Londona qaldı

UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk qarşılaşmasında Türkiyənin "Beşiktaş" klubu öz meydanında İngiltərənin "Arsenal" komandası ilə qolsuz heç-heçə oynayıb 
 
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Atatürk Olimpiya stadionunda 50 minə yaxın azarkeşinin dəstəyi ilə meydana çıxan "Beşiktaş" qarşılaşmanın ilk saniyələrində hesabı aça bilərdi. Demba Banın zərbəsindən sonra "Arsenal"ın qapıçısı komandasını qoldan çətinliklə xilas edə bildi.
 
Bundan sonra da bir neçə qol şansı əldə edən İstanbul klubu onların heç birini dəyərləndirə bilmədi. "Arsenal"ın da qol vurmaq imkanı az olmadı. Statistikaya görə, "Beşiktaş"ın 25, "Arsenal"ın 15 təhlükəli hücumu olub.
 
İngiltərə komandası qarşılaşmanın son 10 dəqiqəsini azlıqda keçirməli oldu. 80-ci dəqiqədə Remsi qırmızı kartla meydandan qovuldu və cavab oyununu biraxmalı olacaq.
 
Meydandan qovulan təkcə Remsi olmadı. "Beşiktaş"ın xorvatiyalı baş məqşçisi Slaven Biliç bir neçə dəfə hakim Milorad Maziçə və dördüncü hakimə etiraz etdikdən sonra, hakim onu da meydandan çıxardı.
 
"Beşiktaş" "Arsenal"la cavab oyununu avqustun 27-də Londonda keçirəcək. İstanbul klubu qələbə və ya qollu heç-heçə ilə növbəti mərhələyə vəsiqə qazana bilər.
 
Oyundan sonra keçirilən mətbuat konfransında "Arsenal"ın baş məşqçisi Arsen Venger heç-heçənin bərabər şans olduğunu bildirib: "Beşiktaş yaxşı komandadır. Növbəti oyunu evdə oynayacağıq. Nə etməli olduğumuzu bilirik. Məsud Özil və digər oyunçular da gələcək. Komandaya uyğunlaşacaqlar. Bundan sonra daha yaxşı oynayacağıq".
 
Baş məşqçi Remsiyə göstərilən qırmızı karta görə hakimi tənqid edib. O, bildirib ki, ikinci hissədə hakim oyunu pis idarə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938
avatar

Oxşar yazılar