“Bakı” futbol komandası yeni baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında ilk məşqinə çıxıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “zolaqlılar” məhz serbiyalı mütəxəssisin rəhbərliyi altında hazırlıqlara start veriblər.
Yeni mövsüm öncəsi ilk məşqdə futbolçular daha çox yüngül fiziki hərəkətlərlə kifayətləniblər. Düşərgəyə yeni transferlər Yuri Fomenko və Mindauqas Kalonasla yanaşı, daha bir neçə gənc futbolçu da cəlb edilib.
Qeyd edək ki, Milinko Pantiç 5 sentyabr 1966-cı ildə doğulub. O, futbolçu karyerası ərzində Serbiyanın “Partizan”, Sloveniyanın “Olimpiya”, Yunanıstanın “Panionios”, İspaniyanın “Atletiko” və Fransanın “Havr” komandalarında çıxış edib. Baş məşqçi qismində isə Pantiç ilk dəfə əsas komandada çalışacaq. O, daha öncə “Atletiko”nun yeniyetmə, əvəzedici və futzal komandalarının baş məşqçisi olub.