İspaniyanın “Atletiko” klubu tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, “Azerbaijan Land of Fire” formalı komanda 4 ən yaxşı klub arasına sonuncu dəfə turnir Çempionlar Kuboku adlandırıldığı vaxt çıxa bilib.
Bu, 40 il öncə - 1973-1974-cü il mövsümündə baş verib. Həmin vaxt “Atletiko” yarımfinalda Şotlandiya “Seltik”ini üstələsə də, finalda Almaniya “Bavariya”sına uduzub. Ümumilikdə isə bu klub cəmi 4 dəfə Çempionlar Kubokunda yarımfinal həyəcanı yaşayıb.
Əvəzində “Bavariya” və İngiltərənin “Çelsi” klubu son 2 mövsümdə Çempionlar Liqasını qazanıb. İspaniyanın digər təmsilçisi “Real Madrid” isə turnirin ən titullu komandasıdır. “Kral klubu” artıq 25-ci dəfə yarımfinala yüksəlib. Bu komanda ardıcıl 4-cü mövsüm bu vəsiqəyə yiyələnib. Amma “Real Madrid” sonuncu dəfə 2002-ci ildə Çempionlar Liqasını qazanıb. Əvvəlki 3 mövsümdə isə onların qarşısını ardıcıl olaraq, “Barselona”, “Bavariya” və Almaniyanın digər təmsilçisi “Borussiya” (Dortmund) kəsib.
Aprelin 11-də keçiriləcək yarımfinal mərhələsinin püşkatma mərasimi zamanı heç bir məhdudiyyət qoyulmayacaq. Bu isə o deməkdir ki, azarkeşlər Çempionlar Liqasında da Madrid derbisi izləyə bilərlər. “Atletiko” ilə “Real Madrid” Çempionlar Kubokunda sonuncu dəfə 1958-1959-cu il mövsümündə üz-üzə gəliblər. Həmin mövsüm yarımfinal mərhələsinin ilk görüşündə “Real Madrid” 2:1, cavab görüşündə “Atletiko” 1:0 hesabı ilə qalib gəlib. Həmin vaxt top fərqi bərabər olanda əlavə oyun keçirilirdi. Məhz 3-cü qarşılaşmada “kral klubu” 2:1 hesablı qələbə sayəsində finala yüksəlib.
Digər komandalar isə şəxsi görüşlərdə zəngin tarixə malikdirlər. “Çelsi” “Bavariya”nı 2011-2012-ci il mövsümündə Çempionlar Liqasının finalında penaltilər seriyasında yenib. Bu mövsümün əvvəlində isə UEFA Superkuboku matçında eyni ssenarili sonluqda Almaniya təmsilçisi qələbəyə nail olub. “Bavariya” “Real Madrid”lə Çempionlar Kubokunun yarımfinallarında 5 dəfə üz-üzə gəlib və 4-də qələbəyə nail olub.
“Real Madrid” və “Atletiko” ayrı-ayrı yarımfinal cütlüklərinə düşsə, finalda eyni ölkənin 2 komandası qarşılaşa bilər. Bu, Çempionlar Liqasında ümumilikdə 5-ci və ardıcıl 2-ci hal olacaq. Ötən mövsüm “Bavariya” “Uembli”də “Borussiya”nın müqavimətini qırıb. İlk belə final isə 2000-ci ildə “Stad de Frans”da “Real Madrid”lə “Valensiya” arasında olub. Digər tərəfdən, finalda Madrid derbisi yaşansa, İspaniya Çempionlar Kubokunda ən uğurlu ölkə kimi mövqeyini gücləndirəcək. Primera təmsilçiləri indiyədək 13 dəfə nüfuzlu kuboku qazanıblar. Hərəyə 12 dəfə İtaliya və İngiltərə klubları qalib olub. “Bavariya” yenidən uğur qazansa, bu, Almaniyanın 8-ci qələbəsi sayılacaq.
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü aprelin 11-də atılacaq. Mərasim zamanı UEFA-nın baş katibi Canni İnfantinoya final matçının səfiri Luiş Fiqu kömək edəcək. İlk yarımfinal görüşləri 22-23 apreldə, cavab matçları bir həftə sonra olacaq. Final qarşılaşması isə mayın 24-də Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu du Benfika” stadionunda oynanılacaq.