Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsi çərcivəsində iki qarşılaşma keçiriləcək.
Apasport.az saytının məlumatına görə, “Bavariya” “Arsenal”ı, “Real” isə “Napoli”ni qəbul edəcək.
“Bavariya” və “Arsenal” arasında keçirilmiş son 10 oyundan 5-də almanlar qalib gəldikləri halda, 3-də “Arsenal” sevinən tərəf olub. Digər 2 görüşdə isə heç-heçə qeydə alınıb. Komandaların budəfəki görüşü də gərgin mübarizə vəd edir. “Arsenal” İngiltərə Premyer Liqasında ötən həftə “Hall Siti”ni, “Bavariya” isə Bundesliqa çərçivəsində “İnqolştadt”ı 2:0 hesabı ilə məğlub edib.
Hər iki komandanın heyətlə bağlı problemləri var. Belə ki, münhenlilərdə Jerom Boatenq və Frank Riberi, “Arsenal”da isə Santi Kazorla, Aron Remsi və Qranit Caka zədədən əziyyət çəkir.
“Real” – “Napoli” qarşılaşmasına da maraq böyükdü. Madrid təmsilçisi nüfuz və qazandığı titullar baxımından İtaliya klubunu üstələsə də, bu görüş ev sahibləri üçün asan keçməyəcək. Bu isə “Napoli”nin son vaxtlar məğlubiyyət üzü görməməsi ilə bağlıdı. Təsadüfi deyil ki, 18 oyundu uduzmayan neapollular sonuncu dəfə ötən il, oktyabrın 29-da “Yuventus”a məğlub olublar. Çempionatda 3-cü pillədə qərarlaşan “Napoli” A seriyasında ötən həftə “Cenoa”dan güclü olub (2:0). “Real” isə oyunöncəsi son matçda La Liqada “Osasuna”nı üstələyib – 3:1.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
15 fevral
23:45 “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Milorad Majiç (Serbiya)
Münhen. "Münhen Arena”
23:45 “Real” (İspaniya) – “Napoli” (İtaliya)
Baş hakim: Damir Skomina (Sloveniya)
Madrid. "Santyaqo Bernabeu”