Velosiped üzrə Azərbaycan çempionatı keçirilib
15 iyun 2014 11:50 (UTC +04:00)

Velosiped üzrə Azərbaycan çempionatı keçirilib

İyunun 14-də Veloparkda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə ilk Azərbaycan çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, Milli Qurtuluş gününə həsr olunmuş yarışda peşəkar velosipedçilərlə yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edib.

 

Yarışın reqlamentinə əsasən, Elit və U-23 yaş qrupunda çıxış edən idmançılar ümumi uzunluğu 2300 metr olan marşrut boyunca 8, yeniyetmə və gənclər 6, həvəskar dağ velosipedçiləri isə 4 dövrə vurublar.

 

Ölkə çempionatının nəticələrinə gəlincə, həvəskarlar arasında Musa Mikayılzadə, Pərviz İlyasov və Ceyhun Əsədov ilk 3 yeri tutublar. Yeniyetmə və gənclərin mübarizəsində 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Kənan Qəhrəmanlı 43 dəqiqə, 6 saniyə göstərici ilə 1-ci olub. Onun komanda yoldaşı Nicat Qarayev çempiona 6 dəqiqə, 46 saniyə uduzmaqla 3-cü nəticə göstərib. Gümüş medala isə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Tərlan Məmmədov layiq görülüb – 47 dəqiqə, 40 saniyə.

 

Və nəhayət, Elit və U-23 yaş qrupunda Azərbaycan çempionu adına və xüsusi çempion köynəyinə “Synergy Baku” komandasının üzvü Aqşin İsmayılov layiq görülüb. O, finişi 55 dəqiqə, 58 saniyəyə keçib və gümüş medal qazanan Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yetirməsi Orxan Məmmədovu 52 saniyə qabaqlayıb. Ilk üçlüyü isə Orxanın komanda yoldaşı Murad Sultanov tamamlayıb – 1 saat, 1 dəqiqə, 35 saniyə.

 

İlk 3 yeri tutmuş velosipedçilər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. Mükafatlandırma zamanı “Tour d’Azerbaidjan-2014” veloyürüşünün virtual oyun versiyasının qalibi Ayxan Məsimliyə də hədiyyə verilib – o, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən qiymətli velosipedlə təltif edilib.

 

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar