Azərbaycan futbolunun inkişafında özünəməxsus rolu olan, vaxtilə “Neftçi”nin şərəfini qoruyan veteran qapıçı Çingiz İsmayılovun doğum günüdür. Apasport.az saytının məlumatına görə, 1935-ci ildə dünyaya göz açan Çingiz İsmayılov fəaliyyəti dövründə AFFA-nın baş katibi və “Neftçi”nin rəisi vəzifəsində də çalışıb, eyni zamanda dövlət televiziyasında futbol şərhçisi olub.
Ömrünün 79-cu baharını qeyd edən veteran qapıçı arzularını bu cür çatdırıb: “Hər bir azərbaycanlı kimi mənim də əsas arzum işğal altındakı torpaqlarımızın azad olunmasıdır. İnanıram ki, həmin gün uzaqda deyil. Biz torpaqlarımızı azad edib, xoşbəxt və firavan ölkədə yaşayacağıq.
Futbolla bağlı arzum odur ki, futbolumuz daha da inkişaf etsin, tribunalarda boş yerlər tapılmasın. Aktyorlar tamaşaçı üçün səhnəyə çıxıb tamaşa nümayiş etdirirlər. Futbolçular da tribunaları dolduran azarkeşlər üçün oynamalıdırlar. Xarici futbola baxanda adamın ürəyi açılır. Tribunalara 50 mindən çox tamaşaçı gəlir. Bu amil özü də futbolun inkişafında əsas rol oynayır. Bu zaman futbolçular da daha istəklə oynayırlar”.
Çingiz İsmayılov uzun illər futbol sahəsində çalışan şəxs, təcrübəli futbolçu kimi gənc nəsillərə işlərinə peşəkar yanaşmalarını tövsiyə edib: “Gənc futbolçulara məsləhətim odur ki, işlərində peşəkar olsunlar. Futbol adi oyun deyil. Bu idman növü ilə ciddi məşğul olmaq lazımdır. Futbolçunun düşüncəsi ancaq futbol olmalıdır. Bu olmasa, həmin şəxs yaxşı futbolçu ola bilməz. Təəssüf ki, indiki zamanda futbola peşəkar yanaşanlar elə də çox deyil”.
Dostlarının onu unutmadığını deyən veteran qapıçı doğum gününü ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib: “Doğum günüm elə vaxta düşdü ki, köhnə dostlarla bir araya gələ bilmirik. Hər şənbə nəvələrim yanıma gəlir. Doğum günümlə bağlı zənglər olur. Bu gün də zəng ediblər, sabah da Moskvadakı dostlarım zəng edəcəklər. Təntənəli doğum günü keçirməyi düşünmürəm. Ailəmlə, nəvələrimlə birlikdə qeyd edəcəyik”.