Mayın 16-da Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun II mərhələsi başlayacaq.
Lent.az-ın məlumatına görə, 3 gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək.
Onlardan 6-sı kanoe, 2-si isə kayak növündə mübarizə aparacaq. Kanoeçilərimizdən Mikola Matviyçuk və Sergey Bezuqlıy ayrı-ayrılıqda bir nəfərlik qayıqla, Aleksey Kupin - Taras Matviyçuk dueti 2 nəfərlik qayıqla 1000 metr məsafələrə yürüş edəcək. 500 metr məsafəyə yürüşə kayakçılarımızdan Aleksandr Piçugin 1 nəfərlik, Tamerlan Mustafayev - Aleksandr Piçugin dueti 2 nəfərlik, kanoeçilərimizdən Atatoli Melnik və Mikita Sablin ayrı-ayrılıqda 1 nəfərlik, Aleksey Kupin - Taras Matviyçuk dueti 2 nəfərlik qayıqla qatılacaq. 200 metr məsafəyə yürüşdə kayakçılarımızdan Tamerlan Mustafayev, kanoeçilərimizdən isə Sergey Bezuqlıy və Mikita Sablin ayrı-ayrılıqda 1 nəfərlik qayıqla çıxış edəcək. Nəhayət, 5000 metr məsafəyə kanoeçilərimizdən Mikola Matviyçuk 1 nəfərlik qayıqla yürüş edəcək.
Əslində 200 metr məsafəyə 1 nəfərlik kanoe qayığı ilə yürüşlərə əksərən dördqat dünya və dördqat Avropa çempionumuz Valentin Demyanenko qatılır. Amma hazırda o, zədəli olduğundan, yerini Bezuqlıya verib.
Qeyd edək ki, Dünya Kubokunun II mərhələsi 3 gün davam edəcək.