Futbol üzrə Topaz Premyer Liqasında 2013/2014-cü il mövsümünün 300-cü qolu vurulub. Lent.az-ın məlumatına görə, yubiley qolunun müəllifi “Rəvan”la ev oyununun 13-cü dəqiqəsində rəqib qapısına yol tapan “Simurq”un futbolçusu Rəşad Eyyubov olub.
Bu, həm də XXVI turun ilk qolu olub. Turun 5 oyunu yekunlaşdıqdan sonra isə bu mövsümün üst-üstə 130 matçında vurulmuş topların sayının 310-a çatdığı müəyyənləşib. Orta məhsuldarlıq isə 2,38-ə bərabər olub. 310 qoldan 171-i meydan sahibləri, 139-u qonaqların hesabındadır. Qollardan 144-ü ilk, 166-sı ikinci hissədə vurulub.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurub. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır. Onlar müvafiq olaraq 9-cu turun “Simurq” və 18-ci turun “Neftçi” ilə qarşılaşmalarında fərqləniblər.