2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd idman növlərin siyahısı 3-ə endirilib. Lent.az-ın məlumatına görə, bu barədə qərar Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsi üzvləri arasındakı səsvermədə qəbul olunub.
Həmin növlər güləş, beysbol və skvoşdur. Uşu, karate, idman qayayadırmanması, rolikli idman və veykbordinq isə daha az səs topladığı üçün namizəd növlərin qısa siyahısından kənarda qalıb.
Qeyd edək ki, İOC-un İcraiyyə Komitəsi 15 üzvdən ibarətdir. Səsvermə zamanı qurumun prezidenti Jak Rogge bitərəf qalıb. 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına 3 növdən biri salınacaq. Bu, 2013-cü il sentyabrın 7-də Argentinanın Buenos-Ayres şəhərində məlum olacaq. Güləşin 2020-ci il olimpiadasının proqramından çıxarılması təklifi 2012-ci il London olimpiadasından sonra elə İOC İcraiyyə Komitəsi tərəfindən irəli sürülüb.